DGK-nın əməkdaşları Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemindəki son yeniliklərlə tanış olub

Biznes
  • 02 oktyabr, 2017
  • 12:19
DGK-nın əməkdaşları Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemindəki son yeniliklərlə tanış olub
Customs.gov.az

Bakı. 2 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsində (DGK) Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemindəki (VAİS) son yeniliklərlə bağlı seminar-müşavirə keçirilib.

Bu barədə “Report” DGK-ya istinadən xəbər verir.

Məlumata görə, tədbirdə çıxış edən qurumun Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev bildirib ki, mal və nəqliyyat vasitələrinin qeydiyyatı zamanı bəzi əməkdaşlar məlumatların VAİS-ə düzgün daxil edilməməsi hallarına yol verir ki, bu da sərhəd-buraxılış məntəqələrində gecikməyə səbəb olur. Gömrük rəsmiləşdirilməsi zamanı bir sıra hallarda bəyannaməçinin gömrük bəyannaməsinə daxil etdiyi məlumatların düzgünlüyünü gömrük rəsmiləşdirilməsinə məsul olan gömrük orqanı əməkdaşları tam şəkildə yoxlamır və gömrük bəyannamələrinin tərtibində yol verilən səhvlər vaxtında aşkar edilmir. Belə hallar rəsmiləşmənin mal və nəqliyyat vasitələri barədə düzgün olmayan məlumatlar əsasında həyata keçirilməsinə gətirib çıxarır və nəticədə idxal-ixrac əməliyyatlarının statistikasına mənfi təsir göstərir.

Baş idarə rəisi gömrük bəyannamələrində düzəlişlərin aparılmasına dair daxil olan sifarişlərin hər bir gömrük orqanı üzrə statistikasını şərh edərək bu halların aradan qaldırılması üçün gömrük orqanlarında fəaliyyətin qiymətləndirilməsi şöbələrinin (bölmələrinin) fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini şöbə (bölmə) rəislərinin nəzərinə çatdırıb, eyni zamanda, gömrük rəsmiləşdirilməsinin aparılmasına məsul olan gömrük orqanı əməkdaşlarının məsuliyyətinin artırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Seminar-müşavirədə gömrük orqanlarının fəaliyyətin qiymətləndirilməsi şöbələrinin (bölmələrinin) rəislərinin mal və nəqliyyat vasitələrinin qeydiyyatı, gömrük rəsmiləşdirilməsinin aparılması üzrə VAİS vasitəsilə həyata keçirilən əməliyyatlara dair fikirləri dinlənilib, qarşıya çıxan problemlərin yaranma səbəbləri araşdırılıb, birgə müzakirə əsasında bəzi çatışmazlıqların aradan qaldırılmasına dair müvafiq qərarlar qəbul edilib.