Dəyanət Sədullayev: "Kadrların hazırlanması biznes və universitetlər arasında əməkdaşlıq tələb edir"
- 29 sentyabr, 2025
- 21:47

Şirkətlər nəzəri dəstəklə məhdudlaşmamalı, real praktiki təcrübəni təhsil müəssisələri ilə bölüşməlidirlər.
"Report" xəbər verir ki, bu fikirləri "PASHA Holding"in baş direktorunun müavini, İcraiyyə Komitəsinin üzvü Dəyanət Sədullayev Beşinci INMerge İnnovasiya Sammitində çıxışı zamanı deyib.
O qeyd edib ki, "PASHA Holding" universitetlərlə fəal əməkdaşlıq edir, tələbələrə təcrübə keçməyi təklif edir və praktiki biliklər verir.
"Şirkət olaraq universitetlərlə əməkdaşlıq edirik, təcrübələr təklif edirik və şirkət təcrübəmizi bölüşürük. Tələbələrin bəziləri daha sonra bazara daxil olur, digərləri isə "PASHA Holding"də işləmək üçün gəlirlər. Başqa bir məqam odur ki, biz kibertəhlükəsizlik məktəbini maliyyələşdiririk. Kibertəhlükəsizlik bu gün Azərbaycanda çox vacib mövzudur. Başa düşdüm ki, sonda məzunlar uğrunda əsl mübarizə gedib. Hətta biz sponsorluq edəndə belə, hökumət eyni səviyyədə bizimlə rəqabət aparırdı", - D.Sədullayev bildirib.
Onun sözlərinə görə, bu cür əməkdaşlıq tələbələrə nəzəri biliklərlə məhdudlaşmamağa, real bazar mühitini daha yaxşı anlamağa kömək edir.