Daha bir ölkə Azərbaycandan dondurma tədarük etməyə başlayıb

Biznes
  • 26 sentyabr, 2022
  • 10:44
Daha bir ölkə Azərbaycandan dondurma tədarük etməyə başlayıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 4,9 milyon ABŞ dolları dəyərində 966,7 ton dondurma gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 0,6 %, kəmiyyət olaraq – 10,9 % azdır.

Türkiyədən 2,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13,5 % çoxdur) 438,6 ton (+12 %), Rusiyadan 1,6 milyon ABŞ dolları dəyərində (+0,6 %) 344,6 ton (-14,2 %), Ukraynadan 430 min ABŞ dolları dəyərində (+33,6 %) 115,6 ton (-2,5 %), Xorvatiyadan 73 min ABŞ dolları dəyərində (-38 %) 26,9 ton (-39,5 %), Belarusdan 55,3 min ABŞ dolları dəyərində (-63,1 %) 13,2 ton (-70 %) məhsul alınıb.

Hesabat dövründə Azərbaycan 175 min ABŞ dolları dəyərində 62,6 ton dondurma ixrac edib.

İraqa 92,4 min ABŞ dolları dəyərində 31,1 ton, İsrailə 35,2 min ABŞ dolları dəyərində 8,9 ton, Türkmənistana 32,6 min ABŞ dolları dəyərində 7,8 ton və Gürcüstana 14,7 min ABŞ dolları dəyərində 14,8 ton məhsul satılıb.

Səkkiz il 3 ayın tamamında Gürcüstana, 2 il 5 aylıq fasilənin ardından İraqa, 1 il 8 aylıq aradan sonra Türkmənistana tədarük bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsrailə ixrac həyata keçirilib.

Ötən il Azərbaycanın xaricə satdığı 130 ton dondurmanın 71,5 %-i Kot-d`İvuarın, 15,4 %-i Türkiyənin və 13,1 %-i Fələstinin payına düşüb.