Çindən Rusiyaya ixrac azalıb
- 07 may, 2020
- 07:52
Bu ilin yanvar-aprel aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi ümumi dəyəri 33 563 milyon ABŞ dolları təşkil edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Gömrük İdarəsinin hesabatında bildirilir.
Hesabata əsasən, son 1 ildə Çindən Rusiyaya ixracın dəyəri 9,1% və yaxud 13 142 milyon ABŞ dolları azalıb, Rusiyadan Çinə ixracın dəyəri isə 7% və yaxud 20 042 milyon ABŞ dolları artıb.
Təkcə apreldə isə iki ölkə 8 194 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb. Çinin Rusiyaya ixracının dəyəri 3 978 milyon ABŞ dolları, Rusiyanın Çinə ixracının dəyəri isə 4 216 milyon ABŞ dolları olub.
Xatırladaq ki, Rusiya və Çin arasında ticarət dövriyyəsinin ümumi dəyəri 2016-cı ildə 2,2% artaraq 69 520 milyon ABŞ dolları, 2017-ci ildə 20,8% artaraq 84 070 milyon ABŞ dolları, 2018-ci ildə 27,1% artaraq 107 000 milyon ABŞ dolları, 2019-cu ildə isə 3,4% artaraq 110 750 milyon ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-aprel aylarında ABŞ-la Çin arasında ticarət dövriyyəsinin dəyəri isə illik müqayisədə 15,2% azalaraq 137 060 milyon ABŞ dolları olub. Çindən ABŞ-a ixracın dəyəri 18,2% azalaraq 100 368 milyon ABŞ dolları, ABŞ-dan Çinə ixracın dəyəri isə 5,9% azalaraq 36 692 milyon ABŞ dolları təşkil edib.