Çin şirkətləri Ələt azad ticarət zonasına cəlb oluna bilər

Biznes
  • 05 fevral, 2018
  • 13:14
Çin şirkətləri Ələt azad ticarət zonasına cəlb oluna bilər
Economy.gov.az

Bakı. 5 fevral. REPORT.AZ/ Çində fəaliyyət göstərən şirkətlər Azərbaycanın Ələt azad ticarət zonasına cəlb oluna bilərlər.

“Report”xəbər verir ki, bu barədə Çində səfərdə olan iqtisadiyyat naziri Şahin Mustafayev bu ölkənin nəqliyyat naziri Li Siaopanla keçirdiyi görüşdə bildirib.

Nazir Azərbaycanın Çinlə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edib. Onun sözlərinə görə, Prezident İlham Əliyev indiyə qədər Çinə 5 dəfə səfər edib, bu səfərlərdə mühüm razılaşmalar əldə olunub, 2015-ci ildə "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair sənəd imzalanıb. Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdəndir.

Nazir Azərbaycan-Çin iqtisadi əlaqələri barədə məlumat verib, iki ölkənin ticarət, investisiya, maliyyə və texniki əməkdaşlıq sahələrində əməkdaşlıq etdiyini, Çin şirkətlərinin Azərbaycanda müxtəlif layihələrdə iştirakını diqqətə çatdırıb. Azərbaycanın böyük nəqliyyat-tranzit potensialına malik olduğunu qeyd edən Ş.Mustafayev Azərbaycanda enerji resurslarının daşınması üçün müvafiq infrastrukturun yaradıldığını, Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyət göstərdiyini, Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan TANAP və TAP layihələrinin icrasının davam etdirildiyini bildirib, Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində ötən il Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verildiyini deyib. 

Azərbaycanın hava, avtomobil və dəniz nəqliyyatı barədə danışan iqtisadiyyat naziri Azərbaycanda 6 beynəlxalq müasir hava limanının fəaliyyət göstərdiyini, Azərbaycanın Xəzər dənizində ən böyük donanmaya sahib olduğunu, Ələt Limanının tikintisinin davam etdirildiyini qeyd edib. "Trans-Xəzər Nəqliyyat Marşrutu"nun üstünlüklərini diqqətə çatdıran Ş.Mustafayev bu marşrutun coğrafi-iqtisadi, məsafənin və müddətin qısa olması, müvafiq infrastrukturun mövcudluğu baxımından əlverişli olduğunu deyib. İqtisadiyyat naziri Azərbaycan nümayəndə heyətinin sabah Pekində təşkil olunan "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında "Trans-Xəzər Nəqliyyat Marşrutunun rolu"na həsr edilən Beynəlxalq Konfransda iştirak edəcəyini bildirib.
Nazir diqqətə çatdırıb ki, Azərbaycan "Trans-Xəzər Nəqliyyat Marşrutu"nun Çinin "Kəmər və Yol" təşəbbüsünün tərkib hissəsi olaraq dəstəklənməsində maraqlıdır. Bundan başqa, "Kəmər-Yol" təşviqinə dair Azərbaycanda tədbir keçirilə, Çin şirkətləri Ələt azad ticarət zonasına cəlb oluna, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ilə konteyner terminalının tikintisi və idarə edilməsi üzrə əməkdaşlıq həyata keçirilə bilər.

Çinin Nəqliyyat naziri ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikirlərini bildirib, Azərbaycan tərəfinin təkliflərinin öyrənilib reallaşdırılması üçün tədbirlər görüləcəyini vurğulayıb.

Çinin kommersiya nazirinin müavini, Beynəlxalq ticarət məsələləri üzrə nümayəndəsi Fu Ciyin ilə keçirilmiş görüşdə də iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, iqtisadi-ticarət sahəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın iqtisadiyyat naziri 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 43% artdığını, Azərbaycanda 100-dən çox Çin şirkətinin fəaliyyət göstərdiyini, 2016-cı və 2017-ci illərdə Çinin Honq Konq, Quancou və Şanxay şəhərlərinə Azərbaycanın ixrac missiyalarının təşkil edildiyini, Azərbaycan şərablarının vahid ölkə stendi ilə nümayiş olunduğunu qeyd edib. Azərbaycan və Çin iş adamlarının iştirakı ilə 8 biznes forum keçirilib. Bu tədbirlərin nəticəsi olaraq Çinə şərab ixracına dair müqavilə imzalanıb, Azərbaycan şərabı mükafat alıb.

Bildirilib ki, Çinlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan şirkətləri öz məhsulları ilə bu il Çində "Sial China 2018", "Çin-Avrasiya" və "China Internatıonal Import Expo" sərgilərində iştirak edəcək. Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində fevralın 6-da növbəti biznes forum keçiriləcək. Hazırda Şanxay Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində "Azərbaycan Şərab Evi"nin açılmasına dair danışıqlar aparılır. Bütün bunlar, eləcə də bu gün rəsmi açılışı olan Azərbaycanın Çində Ticarət Nümayəndəliyi əlaqələrin inkişafında önəmli olacaq.
Nazir diqqətə çatdırıb ki, Azərbaycanın bir sıra kənd təsərrüfatı və emalı, sənaye məhsullarının Çinə ixracı üçün böyük potensialı var və bu məhsulların ixracına dair müvafiq icazələrin verilməsinə Çin tərəfinin dəstəyi əhəmiyyətlidir. Bildirilib ki, Çin iş adamlarının Azərbaycanda yaradılan sənaye parklarında və aqroparklarda, tikinti sektorunda reallaşdırılan layihələrdə iştirakı, birgə müəssisələrin yaradılması, xüsusilə kənd təsərrüfatı avadanlıqlarının istehsalı üzrə, pambıqçılıq, qida sənayesi məhsullarının birgə istehsalı, İKT, Çinin "Huavey" şirkəti ilə əməkdaşlığın genişləndirilməsi, turizm sahəsində əməkdaşlıq imkanları genişdir.
Azərbaycan nümayəndə heyəti ilə görüşündə Çinin Kommersiya nazirinin müavini, Beynəlxalq ticarət məsələləri üzrə nümayəndəsi Fu Ciyin Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığına önəm verildiyini vurğulayıb, əlaqələrin inkişafı istiqamətində fikirlərini bildirib.

Azərbaycan nümayəndə heyətinin Şenjen Şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası və Çin Dəmir Yolunun XIX Bürosunun nümayəndələri ilə görüşündə Şenjen Şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının fəaliyyəti barədə Azərbaycan tərəfinə məlumat verilib, qeyri-neft sektorunun müxtəlif sahələrində, xüsusilə sənaye sahəsində əməkdaşlıq, eləcə də 2017-ci ildə Qaradağ Rayon İcra Hakimiyyəti ilə Şenjen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası arasında Ələt qəsəbəsində Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyinin yaradılmasına dair imzalanmış saziş barədə müzakirələr aparılıb.