BTQ üzrə sərhəd-keçid məntəqələrində rəqəmsallaşmanın genişləndirilməsi müzakirə edilib
- 07 oktyabr, 2025
- 16:57

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin səmərəliliyinin artırılması üçün sərhəd-keçid məntəqələrində rəqəmsallaşmanın genişləndirilməsi müzakirə edilib.
"Report" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, müzakirələr İstanbul şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 4-cü iclasında olub. İclasda Komitə sədri Şahin Bağırov, Türkiyənin Ticarət nazirinin müavini Sezai Uçarmak və Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin baş direktoru İrakli Beraianın rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edib.
Tərəflər arasında ticarətin asanlaşdırılması, tranzit imkanlarının artırılması və regional iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə gömrüklə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.
İclasda gömrük prosedurlarının və tranzitin sürətləndirilməsi, infrastrukturun təkmilləşdirilməsi ilə bağlı məsələlər də müzakirə edilib. Həmçinin Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS), e-TİR prosedurunun tətbiqi, Səlahiyyətli İqtisadi Operatorlar, gömrük hüquqpozmalarına qarşı mübarizə, elektron məlumat mübadiləsi istiqamətində əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
