Beş ölkədən Azərbaycana krevet tədarükü bərpa edilib
- 28 fevral, 2023
- 12:01
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci il ərzində Azərbaycana xaricdən 2,41 milyon ABŞ dolları dəyərində 325 ton dəniz kreveti gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 2,1 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 1,04 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 151,92 ton (+2,9 dəfə), Hindistandan 565,18 min ABŞ dolları dəyərində (+49,5 %) 70,2 ton (+34 %), Qrenlandiyadan 156,8 min ABŞ dolları dəyərində (+13 dəfə) 27 ton (+14 dəfə), Vyetnamdan 146 min ABŞ dolları dəyərində (+3,8 dəfə) 13,62 ton (+4,1 dəfə), Rusiyadan 119 min ABŞ dolları dəyərində (+3 dəfə) 17,6 ton (+2,3 dəfə) məhsul alıb.
Azərbaycana Fransadan (0,03 min ABŞ dolları dəyərində 0,01 ton), İrandan (62,16 min ABŞ dolları dəyərində 10,83 ton), İndoneziyadan (4,35 min ABŞ dolları dəyərində 0,4 ton), Koreyadan (0,81 min ABŞ dolları dəyərində 0,09 ton) və Türkiyədən (17,81 min ABŞ dolları dəyərində 2,49 ton) dəniz kreveti idxalı bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanından (6,2 min ABŞ dolları dəyərində 0,73 ton) tədarük həyata keçirilib.