BBF-in direktoru: "Azərbaycandan Gürcüstana gedən startaplar GİTA-nın yaratdığı imkanlardan yararlanacaqlar"
- 06 mart, 2018
- 07:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 mart. REPORT.AZ/ "Baku Business Factory" sosial missiyalı biznes inkubasiya mərkəzidir. Bizim əsas məqsədimiz biznes yönümlü ideyaları olan gənclərin biznes təfəkkürünün inkişaf etdirilməsi və onlar üçün maddi-texniki bazanı təmin etməklə ölkəmizdə yeni biznes vərdişlərinin formalaşdırılmasıdır. İnanırıq ki, uğur qazanmaq üçün ağıllı ideyası olan istənilən azərbaycanlı gəncə şans vermək kifayət edir. Biz də bu şansın yaradılmasına dəstək olmaq və təcrübəmizi onlarla bölüşməyə çalışırıq".
"Report" xəbər verir ki, bunu bu gün “Baku Business Factory” (BBF) ilə Gürcüstan İnnovasiya və Texnologiya Agentliyi (GİTA) arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimində çıxış edən BBF-in direktoru, professor Əlövsət Müslümov deyib.
O bildirib ki, BBF xarici tərəfdaşlarla əməkdaşlığa çox diqqət ayırır: "İndi bu istiqamətdə xeyli işlər görmüşük. Keçən ilin son rübündən etibarən bir sıra beynəlxalq təşkilatlar, nümayəndəliklər, şirkətlər və səfirliklərlə görüşlər keçiririk. Görüşlərimizin əsas müzakirə mövzusu startaplarımızın bu qurumların ölkəmizdə və xaricdə olan resurslarından yararlanması, təcrübə bölgüsü və eləcə də onların ölkələrində yerləşən startapların Azərbaycana gələrək BBF-in imkanlarından yararlanması istiqamətində aparılır".
BBF rəsmisi həmçinin imzalanan memorandumun əhəmiyyətindən danışaraq qeyd edib ki, qonşu Gürcüstan bizim ucun əhəmiyyətli ölkədir: "Keçən ay Tbilisidə əməkdaşlarımız Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi, İnnovasiya və Texnologiya Agentliyi və bir sıra investisiya fondları ilə görüşlər keçirdi. İndi isə Gürcüstan İnnovasiya və Texnologiya Agentliyi ilə Bakıda memorandum imzalayırıq. Bu memorandum əsasında Azərbaycandan Gürcüstana gedən startaplar bu təşkilatların startaplar üçün yaratdığı imkanlardan, eləcə də Gürcüstandan Azərbaycana gələn startaplar BBF-in resurslarından yararlana biləcəklər. Biz atılan hər addımın irəlidə daha müsbət nəticələr verəcəyinə inanırıq".