Bakıda Azərbaycan və Koreya statistika komitələri arasında görüş keçirilib
- 03 aprel, 2017
- 09:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov Bakıda səfərdə olan Koreya Statistika Komitəsinin nümayəndə heyəti ilə görüşüb.
DSK-dan "Report"a bildirilib ki, görüşdə T.Budaqov Azərbaycanla Koreyanın dostluq münasibətlərindən danışıb. Komitə sədri xüsusilə son 10 ildə iki ölkə arasında əlaqələrin inkişafının intensiv xarakter daşıdığını deyib: "Azərbaycanın statistika sistemi, onun təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində bir sıra layihələr həyata keçirilib. Beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verən Dövlət Statistika Komitəsinin dəvəti ilə ötən il Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan milli statistika sisteminin qlobal qiymətləndirilməsi uğurla həyata keçirilib".
Koreya Statistika Komitəsinin nümayəndə heyətinin rəhbəri Jejeonq Ryu DSK-nın xarici ölkələrin statistika qurumları, beynəlxalq təşkilatlarla, o cümlədən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə fəal əməkdaşlıq etdiyini yüksək qiymətləndirib. İki ölkənin qurumları arasında əlverişli prespektivlərdən danışan qonaqlar əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüblər.
Görüşdə DSK ilə Koreya Statistika Komitəsi arasında əməkdaşlıq məsələləri, “Milli statistika sistemində insan resurslarının inkişafı” (2017-2018-ci illər) və “Dövlət Statistika Komitəsinin statistik məlumat bazasının təkmilləşdirilməsi və metaməlumatlar sisteminin məlumat bazasına inteqrasiyasının təmin edilməsi” (2018-2020-ci illər) layihələri müzakirə olunub.