"Baku ID" platforması Azərbaycan startaplarını beynəlxalq investorlarla bir araya gətirib

Biznes
  • 17 sentyabr, 2026
  • 12:58
Baku ID platforması Azərbaycan startaplarını beynəlxalq investorlarla bir araya gətirib

"Baku ID" tədbirində artıq 50-dən çox beynəlxalq və regional vençur fondu təmsil olunur.

"Report" xəbər verir ki, bunu "SABAH.HUB" şirkətinin baş icraçı direktoru Rahim Bayramlı media nümayəndələrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu, ardıcıl olaraq 5-ci dəfə təşkil edilən tədbirdir: "Tədbirin başlıca hədəfi Azərbaycan və regiondakı startaplar üçün vahid platforma formalaşdırmaq, onların beynəlxalq investorlar önündə çıxış edərək maliyyə cəlb etmələrinə kömək göstərməkdir".

R.Bayramlı vurğulayıb ki, builki tədbir həcminə görə ən genişmiqyaslısıdır: "İlk dəfə olaraq tədbirdə 50-dən artıq beynəlxalq və regional vençur fondu təmsil olunur. Ümumilikdə 60 startap onların qarşısında təqdimatla çıxış edir. Həmin startapların 45-i xarici ölkələrdən, 15-i isə yerli müəssisələrdir".

O eyni zamanda əlavə edib ki, builki "Baku ID" həmçinin "SABAH.HUB" layihəsinin birinci mərhələsinin başlanması baxımından mühüm əhəmiyyət daşıyır: "SABAH.HUB" Elm və Təhsil Nazirliyi ilə dövlət-özəl tərəfdaşlığı formatında həyata keçirilən böyük həcmli layihədir. Layihənin məqsədi Azərbaycan və regionun startap ekosisteminin əsas iştirakçılarını - ali təhsil müəssisələrini, tədqiqat institutlarını, startapları, investisiya və texnologiya şirkətlərini, həmçinin dövlət qurumlarını bir arada birləşdirməkdir. Bu yolla tərəflər arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və regionda bilik iqtisadiyyatının inkişafına dəstək verilməsi nəzərdə tutulur".