Bakıda inşa olunan corab istehsalı müəssisəsi bu ilin I yarısında istifadəyə veriləcək
- 07 mart, 2018
- 12:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində növbəti işgüzar forumunu keçirib.
"Report" Nazirliyə istinadən xəbər verir ki, forumda paytaxtın qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 5,4 mln. manatdan çox güzəştli kredit verilib.
Həmin kreditlər, əsasən, müasir istixana komplekslərinin yaradılması, corab istehsalı, süd emalı, heyvandarlıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 200 yeni iş yerinin açılmasına imkan yaradacaq.
Forum çərçivəsində Xəzər rayonunun Mərdəkan qəsəbəsində güzəştli kredit ayrılmış corab istehsalı müəssisəsinə də baxış keçirilib. İldə 1,9 mln. cüt corab istehsal etmək gücündə olan bu müəssisədə hazırda tikinti-quraşdırma işləri aparılır və bu ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur. Müəssisədə 40 nəfər işlə təmin ediləcək.
Ümumilikdə, indiyə qədər Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 597 mln. manat güzəştli kredit verilib.