Bakıda Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu keçiriləcək

Biznes
  • 25 aprel, 2025
  • 11:56
Bakıda Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu keçiriləcək

Bu ilin mayın 10-da Bakıda Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu təşkil olunacaq.

“Report” xəbər verir ki, bu barədə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda "Sahibkarlar Günü"nə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, forum İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı, İslam Ticarət və İnkişaf Palatası, Azərbaycan Sahibkarlar Konfederasiyası və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

“Sahibkarları bu əhəmiyyətli tədbirdə iştiraka dəvət edirəm”, – deyə M. Musayev vurğulayıb.

Konfederasiya rəhbəri çıxışında dövlət-özəl tərəfdaşlığının yeni mərhələyə keçməsinin vacibliyinə də diqqət çəkib:

“Müasir dövrdə risklərin və məsuliyyətin dövlətlə özəl sektor arasında optimal şəkildə bölüşdürülməsi əsas çağırışlardan biridir. Bu hədəflərə çatmaqda özəl sektorun üzərinə böyük məsuliyyət düşür”.

O əlavə edib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası hər zaman sahibkarların maraqlarını qorumaq, onları məlumatlandırmaq və hüquqlarını müdafiə etmək üçün fəaliyyət göstərir:

“İqtisadi islahatlara dəstək verir, dövlət-sahibkar dialoqunun inkişafına töhfə veririk. Regional forumlar, təlimlər, beynəlxalq əməkdaşlıq layihələri vasitəsilə yerli biznesin inkişafına və rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş addımlar atırıq”.

44 filmi