Bakıda "Caspian Franchise Forum 2018” keçirilib

Biznes
  • 02 mart, 2018
  • 08:32
Bakıda Caspian Franchise Forum 2018” keçirilib

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Azərbaycanda ilk dəfə olaraq franşızaların alqı-satqısı sahəsində işgüzar platforma olan Azərbaycan Beynəlxalq Françayzinq Forumu - “Caspian Franchise Forum 2018” keçirilib. 

“Report” xəbər verir ki, tədbir “Caspian Event Organizers” (“CEO”) şirkətinin təqvimində yenidirr və məqsəd kiçik və orta biznes müəssisələrinə yeni fəaliyyət sahələrinin genişləndirilməsi və yaxud təşkilində köməklik göstərmək, eləcə də Azərbaycanda françayzinqin inkişaf imkanlarını müzakirə etməkdir.

“Caspian Franchise Forum 2018” bir sıra xarici brendləri, eləcə də franşiza əldə etmək istəyən və işgüzar tərəfdaş axtarışında olan yerli sahibkarları, investisiya şirkətlərinin rəhbərlərini bir araya gətirib. Forum iştirakçıları françayzinq biznesinin yaradılması və ya inkişafı üçün konsepsiya və təkliflərini nümayiş etdirməklə yanaşı, “fast food” (“Noon-o-Kabab” şirkəti, BƏƏ), uşaqlar üçün mal və xidmətlər (“Gulliver”, “Button Blue” şirkətləri, Rusiya), IT texnologiyaları (“REISSWOLF” şirkəti, Almaniya), geyim istehsalı (“Kanzler” şirkəti, Almaniya) və restoran biznesi (“KillFish” şirkəti, Rusiya) kimi işgüzar istiqamətlər üzrə öz brend franşizalarını təqdim ediblər.

Forum iştirakçılarının zəngin proqramına bir sıra tədbirlər daxildir. Forum təşkilatçıların, eləcə də şirkət və media nümayəndələrinin iştirakı ilə keçirilmiş mətbuat konfransı ilə başlayıb.

Forum çərçivəsində “Azərbaycanda Françayzinqin İnkişafı” mövzusunda seminar keçirilib.

Seminarda Azərbaycan Françayzinq Mərkəzinin rəhbəri Elnur İslamov çıxış edərək dünyada və ölkədə françayzinqin perspektivləri barədə danışıb. Həmçinin forum iştirakçıları - “Noon-o-Kabab”, “Kanzler”, “Reisswolf”, “Gulliver”, “Button Blue” və “KillFish” şirkətləri öz franşizalarının təqdimatı ilə çıxış ediblər. Forumun proqramı xarici şirkətlərin nümayəndələri və yerli potensial investorların iştirak etdiyi ikitərəfli görüşlər ilə davam edib.

Forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.