AZPROMO sahibkarlarla regionlarda kənd təsərrüfatı və turizmə yatırım imkanlarını müzakirə edib
- 03 noyabr, 2025
 - 16:05
 
                            
                            
                        İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Astarada sahibkarlar və fermerlərlə kənd təsərrüfatı və turizmin inkişafı istiqamətində mövcud imkanlar, bu sahələrə investisiyaların cəlb olunması ilə bağlı təklifləri müzakirə edib.
"Report" AZPROMO-ya istinadən xəbər verir ki, ixrac və investisiyaların təşviqi sahəsində həyata keçirilən işlər, xarici bazarlara çıxış imkanları, mövcud dəstək mexanizmləri barədə məlumat verilib, aidiyyəti qurumlar və bazar iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsinə dair razılıq əldə edilib.
Tədbirdə həmçinin kənd təsərrüfatı sektorunda tətbiq olunan dövlət subsidiyaları, bitki mənşəli məhsulların istehsalı və ixracında fitosanitar tələblər və nəzarət mexanizmləri, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sahibkarlara göstərdiyi xidmətlər, eləcə də Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) güzəştli kredit və zəmanət mexanizmləri barədə danışılıb, sahibkarların sualları cavablandırılıb.
Görüş AZPROMO-nun və Astara Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan İxracatçılar Klubunun təşkilatçılığı ilə keçirilib. Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, ABİF və KOBİA nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə balıqçılıq, sitrusçuluq, balçılıq, çayçılıq, logistika və turizm sahəsində fəaliyyət göstərən 40-dək fermer və sahibkar iştirak edib.