"Azexport" Yaponiyanın biznes platforması ilə Anlaşma Memorandumu imzalayıb

Biznes
  • 18 mart, 2026
  • 12:01
Azexport Yaponiyanın biznes platforması ilə Anlaşma Memorandumu imzalayıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalı ilə Yaponiyanın 5 000-dən artıq üzvü olan "Shinseikai" biznes platforması arasında Anlaşma Memorandumu imzalanıb.

"Report" Mərkəzə istinadən xəbər verir ki, sənəd Azərbaycan məhsullarının Yaponiya bazarına çıxış imkanlarının genişləndirilməsi və iki ölkənin sahibkarları arasında birbaşa "B2B" əlaqələrin qurulmasını hədəfləyir.

Memoranduma əsasən əməkdaşlığın əsas məqamları aşağıdakılardır:

- Tərəflər tekstil, kənd təsərrüfatı, qida sənayesi, logistika və digər strateji sektorları təmsil edən şirkətlər arasında davamlı ticarət əlaqələrinin inkişafı istiqamətində birgə fəaliyyət göstərəcəklər.

- Əsas diqqət ixrac prosesində qarşıya çıxan texniki standartlar, sertifikatlaşdırma tələbləri və logistik əməliyyatların birgə səylərlə təkmilləşdirilməsinə, məhsulların rəqəmsal mühitdə tanıdılmasına yönəldiləcək.

- "Azexport"un rəqəmsal sərgi zalı kimi innovativ həllər yaponiyalı alıcıların Azərbaycan məhsulları haqqında məsafədən, lakin vizual və dolğun məlumat əldə etməsinə birbaşa xidmət edəcək.

- Yaxın gələcəkdə hər iki ölkə sahibkarlarının iştirakı ilə silsilə onlayn "B2B" görüşlərin və ixrac prosedurları üzrə maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur.

"Azexport"un imkanlarından istifadə üçün xidmət haqqı və ya komissiya nəzərdə tutulmayıb. Görüşlərdə iştirak etmək istəyən sahibkarlar portala müraciət edə bilərlər.