Azərbaycanın qida məhsulları bazarında aparılan araşdırmaların nəticəsi açıqlanıb
- 31 yanvar, 2023
- 07:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il antinflyasiya tədbirləri çərçivəsində qida məhsulları bazarında aparılan araşdırmalar nəticəsində düyü bazarı üzrə 12, duz bazarı üzrə 2, çay bazarı üzrə 5, qarabaşaq bazarı üzrə 10 bazar subyektinə qarşı iş qaldırılıb.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
"Duz bazarı üzrə qeyri-qanuni fəaliyyət nəticəsində təsərrüfat subyektlərinin əldə etdiyi 1,3 milyon manat mənfəətin, qarabaşaq bazarı üzrə 715 min manat mənfəətin dövlət büdcəsinə ödənilməsi barədə göstəriş verilib. Düyü bazarı üzrə qanun pozuntusu aşkar edilmədiyi üçün işə xitam verilib, çay bazarı üzrə isə işə baxılması davam edir", - deyə M.Abbasbəyli əlavə edib.
Onun sözlərinə görə, antiinhisar və haqsız rəqabət halları üzrə tədbirlər çərçivəsində "Azercell Telekom" MMC-yə qanun pozuntusunun adadan qaldırılması barədə göstəriş verilib və 1,6 milyon manat maliyə sanksiyası tətbiq edilib: "Araz Supermarket" MMC-yə qanunsuz reklamın yayılmaması barədə göstəriş verilib və 2,5 milyon manat maliyyə sanskiyası tətbiq olunub".
Bildirilib ki, düyü bazarı üzrə “Sun Food" MMC, Veysəloğlu" MMC, "Xudafərin-1" MMC, "Babək" firması, "Elsaan Group" MMC, "Qida XXI” MMC, "Best-Tarım MMC, "Tamashaee Foods" MMC, "Araz Supermarket" MMC, "OBA Market" MMC, "AL Market" MMC və "Bazarstore" MMC-yə qarşı kartel sövdələşməsi əlamətləri üzrə iş qaldırılıb, qanun pozuntuları aşkar edilmədiyi üçün işə xitam verilib.
Duz bazarı üzrə “Azərduz" ve "Sun Food" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılması yekunlaşdırılıb.
Çay bazarı üzrə "Sun Tea Çay Fabriki" MMC, "Sun Food" MMC, "Best-Tarım" QSC, "Veysəloğlu" MMC ve "Qida XXI” MMC-yə qarşı antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb, işə baxma davam edir.
Qarabaşaq bazarı üzrə isə "Veysəloğlu" MMC, "Sun Food" MMC, Vuqma-qida məhsulları", "Babək" firması, "Abşeron Treyd" MMC, F/S Kərimov İlqar Məmmədhəsən oğlu, "Araz Supermarket" MMC, "OBA Market" MMC, "AL Market MMC, “Bazarstore" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış, işə baxılması yekunlaşdırılıb.