CCIAF və “MEDEF International” Azərbaycanın İqtisadiyyat naziri ilə görüş planlaşdırır
- 07 may, 2020
- 08:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Mayın 12-də Azərbaycan-Fransa Ticarət və Sənayə Palatası (CCIAF), “MEDEF International” və İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birlikdə nazir Mikayıl Cabbarov ilə onlayn görüş keçirilməsi planlaşdırılır.
Bu barədə “Report”a CCIAF-dən məlumat verilib.
Görüş zamanı koronavirus (COVID-19) pandemiyasının iqtisadiyyata təsiri, Azərbaycan hökumətinin gördüyü tədbirlər, bu dövr ərzində Azərbaycan və fransız şirkətlərinin fəaliyyəti barədə müzakirələr planlaşdırılır. Əlavə olaraq, CCIAF-in yeni şəraitdə şirkətlər üçün həyata keçirdiyi fəaliyyətlərin nəticələri, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və dayanıqlılığının artırılması istiqamətində fransız şirkətlərinin verə biləcəkləri mümkün töhvələr müzakirə olunacaq. İştirakçılara mövzularla bağlı onları maraqlandıran sualları ünvanlamaq imkanı da yaradılacaq.
Görüşü "MEDEF İnternational"ın icraçı direktoru Filip Gautier idarə edəcək. Fəxri qonaqlar - Fransanın Azərbaycandakı səfiri Zacharie Gross və Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev; CCIAF üzv şirkətləri və Fransada fəaliyyət göstərən fransız şirkətlərinin direktorlarının görüşdə iştirak edəcəyi planlaşdırılır.
CCIAF 2016-cı ildən fəaliyyət göstərir və hazırda 60-dan çox yerli, fransız və beynəlxalq şirkət Palatanın üzvüdür. CCIAF-in əsas məqsədi Azərbaycan ilə Fransa arasında iqtisadi və dostluq əlaqələrinin gücləndirilməsinə kömək etməkdir. Palata üzv şirkətlər üçün yeni biznes tərəfdaşları, potensial müştəri və sahibkarlar ilə tanışlıq imkanlarının artırılması, mütəmadi olaraq mövcud bazar imkanları haqqında məlumatların yayılması, biznes sahəsindəki yeni imkanlar barədə məlumatın ötürülməsi məqsədilə mütəmadi olaraq tədbirlər və biznes görüşlər həyata keçirir.
"MEDEF İnternational" 1992-ci ildən Azərbaycanda Fransa-Azərbaycan Biznes Şurası çərçivəsində aktiv fəaliyyətdədir və AZPROMO və CCIAF-ın tərəfdaşıdır. Şuranın Azərbaycanın yüksək səviyyəli şəxsləri ilə mütəmadi görüşləri və nümayəndə heyətinin Bakıya işgüzar səfəri Şuranı Fransa ilə Azərbaycan arasında işgüzar münasibətlərin qurulmasında mühüm mövqeyə gətirib. 2019-cu ilin iyul ayında Bakıya son səfəri zamanı "MEDEF İnternational", Azərbaycanda fəaliyyətlərini inkişaf etdirməkdə maraqlı olan 60-a yaxın şirkəti bir araya gətirib və bu nümayəndə heyətinin ölkə prezidenti və vitse-prezidenti qəbul edib.