Azərbaycanın balıqçılıq müəssisəsi planlarını açıqlayıb
- 12 aprel, 2023
- 12:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Neftçala rayonunda fəaliyyət göstərən balıqçılıq müəssisəsi - "Azerbaijan Fish Farm" MMC 2027-ci ildə Yenikənd Nərə Damazlıq Təsərrüfatında (S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodunun bazasında yaradılıb) 200 ton nərə cinsli ət və 10 tondan artıq qara kürü istehsal edəcək.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) müəssisəyə təşkil etdiyi mediaturda şirkətin direktor müavini və istehsalat müdiri Zaur Salmanlı bildirib.
"2023-cü ilin istehsalat planına görə bizim hədəfimiz 35 ton ət və 1,2 ton qara kürüdür. İstehsalımızın 80 %-dən çoxu ixrac üçün nəzərdə tutulub. 2019-cu ildə fəaliyyətə başlamağımıza baxmayaraq 2022-ci ilin II yarısından ixraca, əsasən kürü ixracına başlamışıq. Bu ay ABŞ, BƏƏ və Asiya ölkələrinə ixracımız olub".
"Azərbaycan bazarı üçün nərə cinsli balıq ənənəvi məhsuldur. Ona görə də daxildə bu məhsula kifayət qədər ciddi tələb var. Hələlik biz daxildəki tələbatı ödəmək istəyirik ki, sonra ixrac haqqında düşünək", - deyə Z.Salmanlı əlavə edib.
ƏMDX-nın Beynəlxalq Əməkdaşlıq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səbuhi Qəhrəmanlı isə deyib ki, "Azerbaijan Fish Farm" 2018-ci ildə S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodu üzrə elan edilmiş investisiya müsabiqəsinin qalibi olub: "Müqaviləyə əsasən, qalib şirkət üzərinə bir sıra öhdəliklər götürüb və artıq onların alqı-satqı müqaviləsində müəyyən edilmiş qaydada icrası başa çatdırılıb. Müəssisəyə 16 milyon manata yaxın vəsait yatırılıb, 90 yeni iş yeri yaradılaraq, işçilərin ümumi sayı 115-ə çatdırılıb. Müəssisədəki 34 nohur tam yenidən qurulub, Qapalı su çevrəsi əsasında fəaliyyət göstərən texnologiya alınıb, yeni hovuzlar quraşdırılıb, su təchizat sistemi yenilənib, ərazi abadlaşdırılıb. İnvestisiya Proqramının icrası nəticəsində müəssisədə Xəzəryanı ölkələr arasında ilk dəfə olaraq nohur, açıq su təchizatı sistemi və qapalı su çevrəsi əsasında fəaliyyət göstərən ixtisaslaşmış damazlıq təsərrüfatı yaradılıb".
"Müəssisənin yenidən qurulması qida sənayesinin inkişafına xidmət göstərməklə yanaşı, əhalinin balığa və balıq məhsullarına olan tələbatının ödənilməsinə də şərait yaradır. Balıqdan hazırlanan məhsullar, konservləşdirilmiş mallar ixrac olunur ki, bu da ölkəyə daxil olan valyutanın artmasına səbəb olur",- deyə o qeyd edib.