Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi: TOP-5

Biznes
  • 07 oktyabr, 2023
  • 13:20
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi: TOP-5

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsi 18 milyard 22 milyon 908 min ABŞ dolları təşkil edib.

Bu barədə "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 1,7 % azdır.

Səkkiz ayda Azərbaycandan Aİ ölkələrinə 15 milyard 966 milyon 629 min ABŞ dolları dəyərində ixrac (illik 5,7 % az), 2 milyard 56 milyon 279 min ABŞ dolları dəyərində idxal (illik 46 % çox) əməliyyatları həyata keçirilib.

Hesabat dövründə Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 65,56 %, ümumi idxalında isə 18,44 % olub.

Bu dövrdə Azərbaycan ticarət əməliyyatlarını əsasən İtaliya, Yunanıstan, Almaniya, İspaniya və Çexiya ilə aparıb.

Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 11 milyard 400 milyon 372 min ABŞ dolları, o cümlədən ixracı 11 milyard 106 milyon 799 min ABŞ dolları, idxalı isə 293 milyon 572 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 12,5 % azalıb, ixrac 13,4 % artıb, idxal isə 44,6 % azalıb.

Azərbaycanın Yunanıstanla ticarət əməliyyatları 1 milyard 148 milyon 836 min ABŞ dolları, o cümlədən ixracı 1 milyard 133 milyon 777 min ABŞ dolları, idxalı isə 15 milyon 58 min ABŞ dolları olub. İl ərzində ticarət dövriyyəsi 31,6 %, ixrac 31,4 %, idxal 19,8 % artıb.

Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsi 1 milyard 68 milyon 506 min ABŞ dolları, o cümlədən ixracı 429 milyon 280 min ABŞ dolları, idxalı isə 639 milyon 226 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 59,4 %, o cümlədən ixrac 57 %, idxal isə 61 % artıb.

Ölkənin İspaniya ilə ticarət dövriyyəsi 787 milyon 347 min ABŞ dolları, o cümlədən ixracı 434 milyon 64 min ABŞ dolları, idxalı isə 51 milyon 622 min ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 62,1 %, ixrac 63,9 %, idxal 47,3 % artıb.

Azərbaycanın Çexiya ilə ticarət əməliyyatları 586 milyon 531 min ABŞ dolları, o cümlədən ixracı 530 milyon 660 min ABŞ dolları, idxalı isə 55 milyon 870 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 6,1 %, o cümlədən ixrac 9,7 % azalıb, idxal isə 51,2 % artıb.