Azərbaycanın aparıcı sement istehsalçısının illik hesabatları təsdiqlənəcək
- 18 aprel, 2025
- 15:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Mayın 19-da, saat 11:00-da “Neqsol Holdinq” MMC-yə məxsus “Norm” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir ki, yığıncaq Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), 7-ci km, 1 ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin 2024-cü il üçün həyata keçirilmiş audit yoxlamasına əsasən illik maliyyə nəticələrinin və idarəetmə hesabatının təsdiq edilməsi, eləcə də Cəmiyyətin cari fəaliyyəti ilə bağlı digər məsələlərin müzakirə edilməsi məsələləri daxildir.
Xatırladaq ki, “Norm” 2006-cı ildə yaradılıb, ölknin aparıcı sement istehsalçılarından biridir. Onun nizamnamə kapitalı 161,962 milyon manatdır.