Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi: TOP-5

Biznes
  • 23 dekabr, 2023
  • 11:47
Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi: TOP-5

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 23 milyard 35 milyon 114 min ABŞ dolları təşkil edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 % azdır.

11 ayda Azərbaycanla Aİ ölkələri arasında 20 milyard 283 milyon 231 min ABŞ dolları dəyərində ixrac (1 il əvvələ nisbətən 16,1 % az), 2 milyard 751 milyon 883 min ABŞ dolları dəyərində idxal (illik 33,6 % çox) əməliyyatları həyata keçirilib.

Hesabat dövründə Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 64,4 %, ümumi idxalında payı isə 17,4 % təşkil edib.

Bu dövrdə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, Yunanıstan, İspaniya və Çexiya ilə olub.

Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin dəyəri 14 milyard 599 milyon 771 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 14 milyard 179 milyon 929 min ABŞ dolları, idxalının dəyəri isə 419 milyon 842 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 17,6 %, o cümlədən ixrac 18,6 % azalıb, idxal isə 42,8 % artıb.

Ölkəmizin Almaniya ilə ticarət əməliyyatlarının dəyəri 1 milyard 633 milyon 808 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 791 milyon 89 min ABŞ dolları, idxalının dəyəri isə 842 milyon 719 min ABŞ dolları olub. İl ərzində ticarət dövriyyəsi 40 %, o cümlədən ixrac 35 % artıb, idxal isə 45 % azalıb.

Azərbaycanın Yunanıstan ilə ticarət dövriyyəsinin dəyəri 1 milyard 290 milyon 500 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 1 milyard 267 milyon 795 min ABŞ dolları, idxalının dəyəri isə 22 milyon 705 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 6,2 %, o cümlədən ixrac 6,5 % azalıb, idxal isə 13 % artıb.

Ölkəmizin İspaniya ilə ticarət əməliyyatlarının dəyəri 809 milyon 217 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 715 milyon 205 min ABŞ dolları, idxalının dəyəri isə 94 milyon 12 min ABŞ dolları olub. İl ərzində ticarət dövriyyəsi 13,1 %, o cümlədən ixrac 15,5 % azalıb, idxal isə 12 % artıb.

Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsinin dəyəri 762 milyon 500 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 684 milyon 26 min ABŞ dolları, idxalının dəyəri isə 78 milyon 474 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 2,1 %, o cümlədən ixrac 5,6 % azalıb, idxal isə 44,4 % artıb.