Azərbaycandan Macarıstana ixrac missiyası təşkil olunacaq

Biznes
  • 05 sentyabr, 2017
  • 08:52
Azərbaycandan Macarıstana ixrac missiyası təşkil olunacaq

Bakı. 5 sentyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi Macarıstanın paytaxtı Budapeştə təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.

“Report” xəbər verir ki, missiya 1-4 oktyabr tarixlərində reallaşdırılacaq.

Proses iqtisadiyyatın aşağıdakı sahələrini əhatə edəcək:

- Meyvə-tərəvəz;

- Təbii mineral sular;

- Meyvə şirələri;

- Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları;

- Şərab və digər spirtli içkilər;Bal və baldan hazırlanan məhsullar;

- Çay məhsulları;

- Fındıq məhsulları;

- Mineral sular;

- Kimya sənayesi məhsulları;

- Mebel və ev əşyaları;

- Tekstil;

İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO). Müsabiqə İqtisadiyyat Nazirliyinin Kollegiyasının 18 oktyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında bu ayın 20-də AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları aşağıdakılardır:

- ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 (on) bal;

- nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 (on) bal;

- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2016-cı ildə ixrac etdiyi məhsullarının həcmini göstərməklə – 5 (beş) bal;

Meyarların cəmi üzrə minimum keçid balı 20 baldır.

İxrac missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
- ərizə;

- sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;

Sənədlər sentyabrın 10-na qədər Bakı Biznes Mərkəzinə (Bakı şəhəri, Səbail rayonu, , Neftçilər prospekti, 32 ünvanına) təqdim olunmalıdır. Əlavə məlumat əldə etmək üçün destek@azpromo.az elektron poçt ünvanına yazmaq və yaxud əlaqələndirici şəxsə - Fuad Cəfərova (tel: (012) 598 01 47 / 48 (daxili 141)) müraciət etmək olar. 

44 - Tezliklə