Azərbaycandan ixrac edilən sementin dəyəri artıb 

Biznes
  • 21 oktyabr, 2024
  • 15:27
Azərbaycandan ixrac edilən sementin dəyəri artıb 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 37 milyon 738,33 min ABŞ dolları dəyərində 609 min 648,63 ton sement (hazır və ya klinker formasında) ixrac edilib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 6,3 % artıb, həcmi isə 1,8 % azalıb.

Sentyabrda isə ölkədən 6 milyon 169,51 min ABŞ dolları məbləğində 98 min 754 ton sement (hazır və ya klinker formasında) ixrac edilib ki, bu da ötən ilin analoji dövrünə nisbətən müvafiq olaraq 41,1 % və 34 % çoxdur.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 milyard 81 milyon 519,33 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 % azdır. Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında sementin (hazır və ya klinker formasında) payı 1,81 % təşkil edir.

Bu ilin 9 ayında Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.