Azərbaycan 8 ölkəyə karbamid ixracına başlayıb

Biznes
  • 14 mart, 2023
  • 08:48
Azərbaycan 8 ölkəyə karbamid ixracına başlayıb

2022-ci il ərzində Azərbaycandan xarici ölkələrə 209,723 milyon ABŞ dolları dəyərində 360 min 77 ton karbamid ixrac edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 77 %, kəmiyyət olaraq – 12 % çoxdur.

Hesabat dövründə Azərbaycandan Bolqarıstana 50,914 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 dəfə çoxdur) 91 min 866 ton (+8 dəfə), Rumıniyaya 33,623 milyon ABŞ dolları dəyərində (+2,7 dəfə) 64 min 995 ton (+2,1 dəfə), Hindistana 28,81 milyon ABŞ dolları dəyərində 52 min 662 ton, Braziliyaya 19,33 milyon ABŞ dolları dəyərində (-73 %) 21 min 478 ton (-89 %), Polşaya 15,556 milyon ABŞ dolları dəyərində 29 min 876 ton karbamid göndərilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Argentinaya (11,3 milyon ABŞ dolları dəyərində 12 min 538 ton), Böyük Britaniyaya (3,7 milyon ABŞ dolları dəyərində 7 min 540 ton), İspaniyaya (416 min ABŞ dolları dəyərində 603 ton), İsrailə (2,2 milyon ABŞ dolları dəyərində 4 min 554 ton), Pakistana (6,3 milyon ABŞ dolları dəyərində 14 min ton), Polşaya (11,9 milyon ABŞ dolları dəyərində 18 min 665 ton), Yunanıstana (1,94 milyon ABŞ dolları dəyərində 3 min ton) və Hindistana tədarük həyata keçirilib.

Azərbaycandan Ukraynaya (4,212 milyon ABŞ dolları dəyərində 7 min ton) və Moldovaya karbamid ixracı bərpa edilib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycandan xaricə (8 ölkəyə) 118,525 milyon ABŞ dolları dəyərində 322,567 min ton karbamid göndərilib.