Azərbaycanda yol və aeroport inşa edən şirkətin xalis mənfəəti 2 dəfə artıb

Biznes
  • 24 oktyabr, 2022
  • 11:21
Azərbaycanda yol və aeroport inşa edən şirkətin xalis mənfəəti 2 dəfə artıb

Füzuli-Şuşa avtomobil yolunun bir hissəsini, eləcə də Füzuli və Zəngilan beynəlxalq hava limanlarını inşa edən “AzVirt” MMC 2021-ci ili 6,527 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 2,1 dəfə çoxdur.

Ötən il “AzVirt”in tikinti işlərindən gəlirləri 563,201 milyon manat (58,8% çox), işlərinin maya dəyəri 513,858 milyon manat (61,7% çox), ümumi və inzibati xərcləri 23,956 milyon manat (14,1% çox), ehtimal olunan kreditlər üzrə zərəri 7,609 milyon manat (4,6 dəfə çox), qeyri-maliyyə aktivləri üzrə dəyərsizləşmə zərəri 1,674 milyon manat (əvvəlki il olmayıb), maliyyə gəlirləri 187 min manat (10,4 dəfə çox), maliyyə xərcləri 8,251 milyon manat (48,7% çox), xarici valyuta mübadiləsi üzrə gəliri 1,917 milyon manat (əvvəlki il zərər olub), əmlak, tikinti və avadanlıqların silinməsi üzrə zərəri 435 min manat (60,5% çox), icarə gəlirləri 157 min manat (879% az), digər gəlirləri 2,173 milyon manat (4,5% çox), digər xərcləri 1,024 milyon manat (42,4% çox), mənfəət vergisi ödəmələri isə 4,301 milyon manat (3 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “AzVirt”in aktivləri 387,191 milyon manat olub ki, bu da illik müqayisədə 35,8% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 51,4% artaraq 328,154 milyon manata çatıb, balans kapitalı isə 13,8% azalaraq 59,037 milyon manata düşüb.

“AzVirt” 1995-ci ildə Azərbaycan – Almaniya Birgə müəssisəsi kimi yaradılıb, sonradan təşkilati-hüquqi formasını dəyişib. Onun nizamnamə kapitalı 129 min manatdır. Şirkətin təsisçiləri 30%-lik payla Almaniya vətəndaşı Martin Manfred (həm də texniki direktordur), 25%-lik payla Azərbaycan vətəndaşı Elnur Əliyev (həm də maliyyə direktorudur), 25%-lik payla Lüksemburqun “Falcom Holding”i və 20%-lik payla Almaniya vətəndaşı Sakhariaz Valterdir.