Azərbaycanda yeni peşə və kvalifikasiya standartları hazırlanacaq
- 12 noyabr, 2025
- 17:34
2026-cı ildə Azərbaycanda 1 milyon manat vəsait hesabına 200 yeni peşə və kvalifikasiya standartı hazırlanacaq, həmçinin 270 mövcud standart yenilənəcək.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) 2026-cı il büdcə layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu tədbirlər "2019–2030-cu illər üçün Məşğulluq Strategiyası"nda nəzərdə tutulan hədəflərə uyğun şəkildə həyata keçirilir və məqsəd ölkədə, o cümlədən Qarabağ bölgəsində peşə hazırlığı və əlavə təhsilin keyfiyyətinin artırılmasıdır.
Vurğulanır ki, peşə və ixtisas istiqamətlərinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, regionlarda yeni ixtisas sahələrinin formalaşdırılması və işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəldilməsi üçün bu layihə strateji əhəmiyyət daşıyır.