Azərbaycanda üzümçülük və şərabçılıqla bağlı yeni dövlət standartları hazırlanıb
- 20 oktyabr, 2025
- 17:33

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun nəzdində təsis olunmuş "Üzümçülük və şərabçılıq məhsulları"nın standartlaşdırırlması üzrə Texniki Komitənin (AZSTAND/TK 22) növbəti iclasını keçirib.
"Report" bu barədə AZSTAND-a istinadən xəbər verir.
Məlumata görə, iclasda 1 yeni dövlət standartı layihəsi, 4 dövlət standartının dövri yoxlanılmasının nəticələri, eləcə də 3 milli standartın hazırlanması üçün texnoloji təlimatlar müzakirə olunub. Müzakirələrin yekununda həmin standart layihələrinin təsdiq edilməsi məqsədilə AZSTAND-a təqdim edilməsi barədə qərar qəbul edilib.
İclasın sonunda AZSTAND-ın nümayəndələri Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun laboratoriyaları ilə yaxından tanış olaraq, orada aparılan tədqiqat işləri və laborator imkanlar barədə məlumat alıblar.