Azərbaycanda sahibkarların 99,7 %-i KOB subyektləridir
- 27 iyun, 2025
- 11:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda fəaliyyətdə olan sahibkarların 99,7 %-ni mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir.
Bu barədə “Report” İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir. Azərbaycanda KOB subyektləri əsasən ticarət, nəqliyyat və anbar təsərrüfatı, turizm, ictimai iaşə, sənaye, daşınmaz əmlak, təhsil və digər sahələrdə fəaliyyət göstərirlər.
“Ölkə sahibkarları, o cümlədən KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunub. KOB-ların inkişafına yönəlmiş ünvanlı dəstək alətləri iqtisadiyyatın müxtəlif sahələrində yeni KOB subyektlərinin yaranmasını və mövcud KOB-ların fəaliyyətinin genişlənməsini, mikro sahibkarların kiçik, kiçik sahibkarların orta və iri biznes subyektlərinə çevrilməsini stimullaşdırır. Sözügedən sektorda dövlət siyasətinin təkmilləşdirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması və institusional dəstəyin təmin edilməsi məqsədilə yaradılmış KOBİA 2018-ci ildən etibarən yeni KOB-ların yaradılması və mövcud bizneslərin inkişafını müxtəlif mexanizm və alətlərlə dəstəkləyir”, - məlumatda deyilir.
Qeyd olunub ki, milli prioritetlər nəzərə alınaraq, KOB-ların iqtisadiyyatda və məşğulluqda payının artırılması, texnologiya yönümlü, rəqəmsallaşmış və rəqabətədavamlı KOB-ların yaradılmasının dəstəklənməsi, qadın sahibkarlığın və klasterləşmənin, eləcə də ətraf mühitin mühafizəsi və enerjiyə qənaət kimi müasir çağırışlara uyğun olaraq KOB-ların “yaşıl iqtisadiyyat”a keçidinin təşviqi başlıca hədəflər sırasındadır. COP29 çərçivəsində KOBİA-nın irəli sürdüyü ilk qlobal təşəbbüs olan “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” KOB-ların yaşıl transformasiyası üzrə qlobal səylərin birləşdirilməsinə çağırış edir və artıq bu təşəbbüsə 20 yerli və xarici təşkilat qoşulub.
Dünya üzrə şirkətlərin təqribən 90 %-i KOB subyektləridir. KOB-lar dünyada məşğulluğun 60-70 %-ni, ümumi daxili məhsulun 50-60 %-ni təmin edir.
Xatırladaq ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları” təsdiq olunub. Bu meyarlara əsasən, ölkəmizdə mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan biznes subyektləridir. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 200 min - 3 milyon manat arasında olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır.