Azərbaycanda sahibkarlar üçün sahəvi və maarifləndirici görüşlər təşkil olunacaq

Biznes
  • 08 fevral, 2024
  • 12:31
Azərbaycanda sahibkarlar üçün sahəvi və maarifləndirici görüşlər təşkil olunacaq

Bu ay Azərbaycanda sahibkarlar üçün aidiyyəti dövlət qurumlarının iştirakı ilə 10-dan çox mövzuda sahəvi, eləcə də maarifləndirici görüşlər təşkil olunacaq.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Məlumata görə, sahibkarlar müzakirəsinə ehtiyac duyduqları məsələlərlə bağlı sahəvi görüşlərin keçirilməsi üçün təkliflərini quruma təqdim edə bilərlər.

KOBİA-nın təşkilatçılığı ilə keçiriləcək tədbirlər arıçılıq, heyvandarlıq, çayçılıq, ailə kəndli təsərrüfatının inkişafı, baramaçılıq və ipəkçilik, turizm və ictimai iaşə, aqrobiznes, ərzaqlıq buğda istehsalı, üzümçülük və şərabçılıq, qadın sahibkarlığın inkişafı, güzəştli maliyyə vəsaitlərinə çıxış kimi mövzuları əhatə edəcək. Tədbirlər Bakı şəhəri ilə yanaşı, digər şəhər və rayonlarda olmaqla onlayn və oflayn formatlarda təşkil olunacaq.

Sahəvi görüşlərdə aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin iştirakı ilə sahibkarlar müvafiq sahələrdə dövlət dəstəyi mexanizmləri və yeniliklər barədə məlumatlandırılacaq, biznes subyektlərinin qarşılaşdıqları çətinliklər və onların həlli yolları müzakirə ediləcək, müvafiq sahələr üzrə KOB-ların ehtiyacları və təklifləri öyrəniləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq. Sahəvi görüşlərdə sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli üçün dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görüləcək.

KOBİA sahibkarları fevral ayında keçiriləcək sahəvi görüşlərdə aktiv iştirak etməyə dəvət edir. Eyni zamanda sahibkarlar müzakirəsinə və məlumatlandırmaya ehtiyac duyduqları məsələlərlə bağlı sahəvi görüşlərin keçirilməsi üçün təkliflərini Agentliyə təqdim edə bilərlər (info@smb.gov.az).

Qeyd olunan tədbirlərdə iştirak etmək istəyən sahibkarlar tədbirlərin keçiriləcəyi tarix, yer və digər məlumatları Agentliyin rəsmi internet səhifəsindən əldə edə (https://smb.gov.az/az/events?slug=gorus), tədbirlə bağlı sualları yaranarsa əlaqələndirici şəxslərə müraciət edə bilərlər.

44 filmi