Azərbaycanda rəqəmsal iqtisadi inkişafa dəstəyin detalları açıqlanıb
- 11 iyun, 2026
- 11:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda "Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya" çərçivəsində yerli biznesə dəstəyi genişləndirir.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda Bakıda keçirilən "Technovation" Forumunda bildirib.
Onun sözlərinə görə, yalnız bir sahəyə fokuslanmamaq olduqca vacibdir: "Çünki yalnız infrastruktura fokuslansanız, istedad (insan kapitalı) tərəfini qaçırarsınız. İstedad tərəfinə fokuslansanız, biznes tərəfini qaçırarsınız. Biznesə fokuslandıqda isə investisiya tərəfi qalır. Demək istəyirəm ki, bunların hamısı çox vacibdir və əsas komponentlərdir. Buna görə də Rəqəmsal İqtisadiyyat Strategiyamız 9 əsas sütun üzərində qurulub".
"Birinci sütun biznes sektorunun rəqəmsal transformasiya proqramından keçməsinə praktiki dəstəyin göstərilməsi ilə bağlıdır. Məhz bu məqsədlə hökumət beş il ərzində ilkin mərhələdə 65 şirkətə subsidiyalar təqdim edir. Biz nə edirik? Müxtəlif sektorlar üzrə beynəlxalq ekspertləri cəlb edərək onları yerli tərəfdaşlarla - istehsalat şirkətləri, anbar idarəetməsi, metallurgiya, logistika və digər sahələrlə - əlaqələndiririk. Ekspertlər həmin şirkətlərin zavod və müəssisələrinə gedərək üç əsas istiqamət üzrə təhlillər aparırlar. Birincisi, şirkətlərin biznes modeli və biznes prosesləri təhlil edilir. İkincisi, onların institusional hazırlığı qiymətləndirilir, çünki istedad, insan kapitalı və düşüncə tərzində dəyişiklik olmadan rəqəmsal transformasiyanın həyata keçirilməsi mümkün deyil. Üçüncüsü isə texnoloji hazırlıq səviyyəsi ölçülür.
Bu təhlillərə əsaslanaraq həmin şirkətlər üçün rəqəmsal transformasiya yol xəritəsinin tərkib hissəsi kimi xüsusi biznes plan hazırlanır. Daha sonra, əgər maliyyə ehtiyacı yaranarsa, şirkətlər "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-yə müraciət edə bilirlər və fond aşağı faizli kreditlər vasitəsilə onların layihələrinin həyata keçirilməsinə dəstək göstərir. Beynəlxalq statistika və Dünya İqtisadi Forumu göstərir: şirkətlər pilot layihələr deyil, tam rəqəmsal transformasiya proqramlarını tətbiq etdikdə EBITDA göstəricisində 8%-ə qədər artım, biznes səmərəliliyində 30%-dən çox yüksəliş və xərclərdə 20 %-dən çox azalma əldə edə bilirlər. Biz də şirkətlərimizə bu istiqamətdə dəstək göstərməyə çalışırıq", - deyə F.Cəfərov əlavə edib.