Azərbaycanda qeyri-neft məhsullarını ixrac edən sahibkarlara 600 min manata yaxın vəsait ödənilib
- 14 fevral, 2017
- 12:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 fevral. REPORT.AZ/ "Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən sahibkarlara 600 min manata yaxın vəsait geri ödənilib".
"Report" xəbər verir ki, bunu bu gün Bakıda "Sahibkarlığın inkişafında qablaşdırmanın rolu” mövzusunda keçirilən tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, ilk dəfə olaraq Belarusda yaradılmaqda olan "Azərbaycan Ticarət Evi" 2 ay müddətində fəaliyyətə başlayacaq: "Belə evlər həmçinin, Rusiya və Ukraynada da yaradılacaq. Bu, Azərbaycanın ixrac imkanlarını daha da artıracaq. Xarici ölkələrə ticarət missiyalarının təşkili də davam etdirilir. Artıq Çin, BƏƏ, Almaniya, Pakistan və Əfqanıstana Azərbaycanın ticarət missiyaları təşkil olunub. Növbəti belə missiya Qətərə təşkil ediləcək".
Nazir onu da qeyd edib ki, qablaşdırma sənayesi iqtisadiyyatın digər sahələri ilə sıx əlaqədə fəaliyyət göstərir və bu sahənin məhsullarından digər sektorlarda geniş istifadə olunur: "Hazırda plastik kütlədən tara materialları üzrə özünü təminat səviyyəmiz 63%, kağız və kartondan tara materialları üzrə 57%, butulkalar və digər şüşə taralar üzrə 33%-dir. Azərbaycanda sənaye və kənd təsərrüfatının inkişafı, istehsal və emal sahələrinin genişlənməsi, ixracı imkanlarının artması qablaşdırma sənayesinin genişləndirilməsini zəruri edir. Rəqabətqabiliyyətli məhsulların istehsalı, onların qablaşdırılması, daxili bazarda satışı, ixracın təşkili bu gün ölkə iqtisadiyyatı qarşısında duran əsas vəzifələrdəndir. Bu zəncirvari prosesdə qablaşdırmanın xüsusi əhəmiyyəti var. Dövlət başçısı artıq ötən ay qarşıda digər vəzifələrlə bərabər ölkədə müasir standartlara cavab verən qablaşdırma müəssələrinin, bu məhsulların istehsalının inkişafı istiqamətində öz tapşırıqlarını verib. Bu sahədə müəyyən uğurlar var. Bir sıra məhsulların idxalından asılılığımız kifayət qədər aşağıdır. Amma ümumilikdə onu deyə bilərəm ki, bu sahədə bizim görəcəyimiz işlər çoxdur. Bu istiqamətdə dövlətin təşviqi və tədbirləri həyata keçiriləcək. Ölkədə sənaye zonalarında yaranan qablaşdırma üzrə ixtisaslaşan müəssisələr üçün şərait yaradılacaq, lazımi köməklik göstəriləcək".
"Bu günkü tədbirin əsas məqsədi də qablaşdırma sahəsinin inkişafına dəstək vermək, yerli məhsulların tanıdılması və bu sahədə fəaliyyət göstərən istehsalçılarla istehlakçıların əlaqələrinin genişləndirilməsi, idxaldan asılığın azaldılmasıdır. Sahibkarlara Kömək Milli Fondu (SKMF) tərəfindən sahibkarlara güzəştli kreditlər ayrılacaq. Rəqabətqabiliyyətli məhsulların istehsalı ilə yanaşı onların təqdimatı da çox önəmlidir. Məhsulun təqdimatı onun istehsalından heç də geri qalan amil deyil. Bu istehsal edilən məhsulların satışı üçün ən vacib məsələlərdən biridir" - Ş.Mustafayev əlavə edib.
Qeyd edək ki, tədbirdə həmçinin ölkədə qablaşdırma məhsulları istehsal edən 20-yə yaxın şirkətin məhsullarından ibarət sərgi keçirilib.