Azərbaycanda qadın sahibkarların iqlim dayanıqlığındakı rolunun artırılması təklif edilir

Biznes
  • 12 sentyabr, 2025
  • 11:26
Azərbaycanda qadın sahibkarların iqlim dayanıqlığındakı rolunun artırılması təklif edilir

Azərbaycanda qadın sahibkarlar iqlim dayanıqlığının gücləndirilməsinə mühüm töhfə verə bilərlər.

"Report" xəbər verir ki, bunu su, enerji və dayanıqlılıq məsələləri üzrə ekspert Janen Mitçel (Jeanene Mitchell) Bakıda keçirilən "She Builds Green" konfransında deyib.

Tədbir qadın sahibkarların iqlim dayanıqlığındakı rolu və fəaliyyətinə həsr olunub.

Ekspert bildirib ki, qadınların iqtisadi fəaliyyətə fəal qoşulması yalnız yeni biznes imkanlarının yaradılması ilə məhdudlaşmır, həm də sosial və iqtisadi təhlükəsizliyin möhkəmlənməsinə, innovativ yanaşmaların tətbiqinə, enerji və su ehtiyatlarının səmərəli idarəsinə, inklüziv və davamlı inkişafın təmin olunmasına xidmət edir.

J. Mitçel əlavə edib ki, kənd yerlərində qadınlar təbii resursların əsas qoruyucularıdır: "Onlar su, torpaq və ərzaq sistemlərini idarə edir, ailə təsərrüfatında istehlakla bağlı əsas qərarları qəbul edirlər. Buna görə də qadınların baxışları dayanıqlı texnologiyaların hazırlanmasında xüsusi əhəmiyyət daşıyır".

Ekspert vurğulayıb ki, dövlət tərəfindən təqdim olunan resurslardan səmərəli və məsuliyyətli istifadə edənlər dövlətin inkişafına xidmət etmiş olurlar. 

Tədbir gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində beynəlxalq səviyyədə tanınmış, strateji yanaşmaları və zəngin təcrübəsi ilə seçilən Şəms Mustafayeva açılış nitqi ilə çıxış edib.

Konfrans çərçivəsində keçirilən "İqlim dayanıqlılığı və dayanıqlı biznes alətləri" mövzusunda ekspertlər panelinə Azərbaycan Mikromaliyyə Assosiasiyasının İcraçı direktoru Jalə Hacıyeva moderatorluq edib.

Ekspertlər qadın sahibkarların iqlim dəyişikliyi ilə mübarizədə və davamlı inkişafın təşviqində oynadığı rol, yaşıl texnologiyaların biznesdə tətbiqi, resursların səmərəli idarə olunması və innovativ yanaşmaların əhəmiyyəti barədə fikirlərini səsləndiriblər. Tədbirdə həmçinin qadınların iqtisadi fəallığının artırılmasının ətraf mühitin qorunmasına və sosial rifahın gücləndirilməsinə verdiyi strateji töhfə xüsusi vurğulanıb.

Konfransda 60-dan çox qadın sahibkar və müxtəlif sektorlardan nümayəndələr iştirak ediblər. Görüş qadınların biznesdə iqlim dayanıqlılığındakı rolunun gücləndirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib. İştirakçılar bu təşəbbüslərin davamlı xarakter daşıması ilə bağlı təkliflərini də irəli sürüblər.

Son xəbərlər

Bütün Xəbər Lenti