Azərbaycanda pivə istehsalçıları kooperasiya üçün istiqamətləri müəyyən ediblər

Biznes
  • 27 sentyabr, 2021
  • 14:02
Azərbaycanda pivə istehsalçıları kooperasiya üçün istiqamətləri müəyyən ediblər

Bir müddət öncə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə yerli buğdadan ilk pivə istehsalı xətti işə düşdü. Tədbirdə çıxış edən M.Cabbarov bildirib ki, istehsal xətti rəhbərlik etdiyi Nazirliklə “Carlsberg Azerbaijan” arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq işə salınıb və "Made in Azerbaijan" brendli məhsulların xarici bazarlara ixracı baxımından xüsusi əhəmiyyət daşıyır.

İqtisadiyyat naziri qeyd edib ki, pivə istehsalı sahəsinə 55 milyon manatdan çox sərmayə yatıran “Carlsberg Azerbaijan” şirkətinin fəaliyyətinin genişləndirilməsi və xammal bazasının lokallaşdırılması diqqətəlayiq haldır. Bu layihə ölkəmizdə yerli xammala əsaslanan istehsalın inkişafı və yeni iş yerlərinin açılmasında özəl sektorun payının artması istiqamətində mühüm addımdır.

“Carlsberg Azerbaijan” şirkətinin Korporativ Ünsiyyətlər üzrə rəhbəri Lalə Əfəndi “Report”a açıqlamasında yerli arpadan pivə istehsalının ölkəmizdə hansı əhəmiyyətə malik olduğunu qeyd edib:

"Biz dövlətlə dialoqumuzda hər zaman qeyd etmişik ki, təssüf ki, pivə istehsalı üçün lazım olan xammalın çox hissəsini xaricdən gətiririk. Bu ölkələr əsasən Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan və Danimarkadır. Pivənin əsas inqrediyenti arpadır. 2019-cu ildə dövlət dəstəyi və "Azərşəkər" şirkəti ilə tərəfdaşlıq çərçivəsində Şəmkirdə 8 hektar ərazidə pilot layihəyə başladıq. 2020-ci ildə isə biz bunu genişləndirib 70 hektara çatdırdıq. Növbəti 1-2 ildə biz pivə istehsalı üçün olan 100 % təminatı Azərbaycanda becərilən arpadan alacağıq. Lakin pivənin əla dadı və yüksək keyfiyyəti dəyişilməz qalacaq. Çünki biz ilkin istifadə olunan əkin materialını "Carlsberg Group"un istifadə etdiyi Fransanın "Secobra" şirkətindən almışıq və Azərbaycanda həmin sortlar əkilir. Bütün mərhələlərdə keyfiyyət testləri aparılır. Biz bunun üçün nümunələri həm Azərbaycanda, həm də xaricdəki regional laboratoriyalara göndəririk. Hazırda yerli istehsalçılarla qablaşdırma məsələləri üzərində işləyirik. Müzakirələr əsasən şüşə və plastik qablaşdırma üzrə gedir. Bu bir qədər zaman tələb edən prosesdir. Bizim üçün əsas keyfiyyətdir, təbii ki. Qablaşdırmalar "Carlsberg Group"un tələb etdiyi beynəlxalq standartlara uyğun olmalıdır".

L.Əfəndi yerli arpaya keçilməsinə baxmayaraq qiymətlərdə dəyişiklik hal-hazırda mümkün olmadığını qeyd edib:

"Carlsberg Group"un xammal təchizatına dair regional müqavilələri var. Bu müqavilələr arpanı olduqca böyük həcmlərdə əldə edərək təchizatçılardan sərfəli qiymət təklifləri almağa imkan yaradır. Hazırda Azərbaycanda az ərazidə arpa əkilir. Ona görə də deyə bilmərik ki, biz idxal olunan arpa ilə müqayisədə yerli arpanı daha aşağı qiymətlə əldə edirik. Amma biz bu layihəni uzunmüddətli perspektivi düşünərək həyata keçiririk və əminik ki, layihə ölkə iqtisadiyyatına töhfə verəcək. İstəyirik ki, tək biz deyil, digər pivə istehsalçıları da yerli xammala keçə bilsin və gələcəkdə yerli arpa və yerli arpadan istehsal edilən pivə ixraca getsin".

Şirkət rəsmisi əlavə edib ki, son illər ərzində Dövlət tərəfindən bazarın şəffaflaşdırılması sahəsində olduqca vacib addımlar atılıb.

“Təbii ki, dünyanın heç bir yerində 100 % şəffaf bazar yoxdur. Həmçinin Azərbaycanda da müəyyən həcmdə bazarda kiçik “boz oyunçular” qalmaqdadır. Biz bunu xüsusilə regionlarda müşahidə edirik. Misal üçün, regionlarda hansısa restorana yaxud marketə gedəndə 0,8-0,9 manata pivə görə bilərik. Biz qətiyyətlə deyə bilmərik, amma bu qeyri-şəffaf istehsalçı ola bilər. Keyfiyyətli xammal, texnoloji qaydalara riayət edilmə və ödənilən vergiləri nəzərə alsaq bu cür qiymətin olma ehtimalı aşağıdır. Təbii ki, heç bir istehsalçı öz ziyanına işləmir. Deməli burada ya keyfiyyət, ya da vergi məsələsində yayınma ola bilər. İstənilən halda dövlət tərəfindən bu istiqamətdə iş aparıldığını görürük və həmin prosesi dəstəkləyirik. Ölkənin ən böyük pivə istehsalçısı olaraq hesab edirik ki, sözügedən halların olması şəffaf və sağlam rəqabətə mane olur”.

Şirkət rəsmisi qeyd edir ki, onlar vergiqoymanın balanslaşdırılmış olmasının tərəfdarıdır:

“Biz şadıq ki, dövlət vergiqoymanın balanslaşdırılmış olması ilə bağlı fikirlərimizi dəstəkləyir. Balanslaşdırılmış yanaşma istehsalçının mənfəətlə işləyə biləcəyi vergi dərəcələrini nəzərdə tutur, çünki vergi artdıqda istehsalçı gəlirliliyini qorumaq üçün qiymətləri qaldırmaq məcburiyyətində qalır və bu da satışın azalmasına səbəb ola bilər. Bu ilin may ayında biz İqtisadiyyat Nazirliyi ilə memorandum imzalamışıq və onun bəndlərindən biri də balanslaşdırılmış vergiqoyma ilə bağlıdır. Biz öz təkliflərimizi irəli sürmüşük və ümid edirik ki, ölkədə balanslaşdırılmış vergiqoyma yanaşması davam edəcək”.

“Ölkədə bir sıra sahələrdə istehsalçıları birləşdirən assosiasiyalar var, amma pivə istehsalçıları assosiasiyası yoxdur. Əslində biz bu istiqamətdə addımlar atmağa başlamışıq. 2021-ci ildə pivə istehsalçılarının artıq 2 görüşü olub. Biz də pivə istehsalçıları olaraq kooperasiya yaratmalı olduğumuz istiqamətləri müəyyən etmişik. Bunlardan birincisi İqtisadiyyat Nazirliyi tərəfindən yaxın zamanda işə salınacaq “Track and Trace”dir. Hansı ki, bu mexanizm məhsulun istehsal xəttindən tutmuş istehlakçının əlinə çatana qədər bütün mərhələlərdən şəffaflıq yaratmağa məqsədlənir. Hesab edirik ki, layihənin effektiv icrası ölkəmizdə aksizli malların şəffaflığını daha da yaxşılaşdıracaq. Lakin texniki məsələlərin həlli üçün istehsalçı və dövlətin daha da intensiv dialoqu lazımdır və bu istiqamətdə lazımı addımlar atılır”.