Azərbaycanda iki broyler müəssisəsi əməkdaşlığa başlayır

Biznes
  • 06 dekabr, 2023
  • 08:35
Azərbaycanda iki broyler müəssisəsi əməkdaşlığa başlayır

Yanvarın 5-də, saat 12:00-da "Cəlilabad Broyler" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, yığıncaq Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 1 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin Müşahidə Şurasının formalaşdırılması, sədr və üzvlərinin təyin edilməsi, “Azerbaijan Poultry Company” MMC ilə bağlanılacaq 10 milyon manatlıq borc müqaviləsinin, eləcə də yetişdirmə sahələrinin, yem zavodunun və avtonəqliyyat vasitələrinin icarəsi müqaviləsinin təsdiq olunması, “Cəlilabad Broyler”in hüquqi ünvanının dəyişdirilməsi məsələləri daxildir.

Xatırladaq ki, "Cəlilabad Broyler" 1997-ci ildə, “Azerbaijan Poultry Company” isə 2012-ci ildə yaradılıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 849 min manat və 64,995 milyon manatdır.

“Azerbaijan Poultry Company” "Mərcan" markası altında toyuq əti istehsal edir.