Azərbaycanda Heydər Əliyevlə əsası qoyulmuş müasir milli iqtisadiyyat

Biznes
  • 25 may, 2023
  • 08:34
Azərbaycanda Heydər Əliyevlə əsası qoyulmuş müasir milli iqtisadiyyat

Azərbaycanda müasir milli iqtisadiyyatın əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğunu desək səhv etmərik.

O, ölkəyə elə bir vaxtda yenidən rəhbərlik etməyə başladı ki, həmin vaxt Azərbaycanın xəzinəsində cəmi bir neçə milyon ABŞ dolları vəsait var idi.

Bu vəsaitlə ölkədə iqtisadi sabitlik yaratmaq, iqtisadiyyatı inkişaf mərhələsinə çıxarmaq asan olmasa da, o, bunu bacardı.

Ulu Öndər ilk növbədə çoxmülkiyyətli bazar iqtisadiyyatının başlıca tələblərinin təmin olunması istiqamətində siyasi iradə göstərdi, iqtisadi transformasiyanın qanunauyğunluqlarını nəzərə alaraq əsaslı islahatlara start verdi. Beləliklə, iqtisadi sahədə yeni qanunların qəbul olunması, bu qanunların Avropa standartlarına uyğunlaşdırılması, digər qanunvericilik təşəbbüsləri respublikamızın milli inkişafını təmin etməklə bərabər, onun dünya ölkələri ilə sıx inteqrasiyasını dərinləşdirdi, Avropa bazarlarına çıxışı üçün əlverişli imkanlar yaratdı. Bazar iqtisadiyyatının tənzimlənməsi mexanizmləri və iqtisadi subyektlərin fəaliyyətinə dövlət nəzarət sisteminin gücləndirilməsi, iqtisadi münasibətlərin fəlsəfi-hüquqi-iqtisadi əsaslarının möhkəmlənməsi, yeni iqtisadi təfəkkürün formalaşması milli iqtisadiyyatın inkişafını sürətləndirdi.

“Əsrin qələbəsi”

Heydər Əliyevin böyük nailiyyətlərindən biri neft sektorunda olub. 1994-cü il sentyabrın 20-də 8 ölkəni təmsil edən 11 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi” imzalanıb və icrasına başlanılıb ki, bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyulub. O, “Əsrin müqaviləsi”ni imzalamaqla respublikamızın yaxın illər üçün güclü maliyyə resurslarının formalaşmasına baza yaratdı. Bir neçə ildən sonra əldə ediləcək mənfəət nefti ölkəmizin sosial-iqtisadi, ictimai-humanitar, elmi-mədəni həyatında əsaslı dönüş yaradacaqdı. Bu tarixə hadisə ilə həm də ölkəmizin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Eyni zamanda, Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını da yaratdı. Neft-qaz sektorunda həyata keçirilən genişmiqyaslı işlər iqtisadiyyatın digər sahələrinin inkişafında lokomativ rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. 1995-ci ildən başlayaraq iqtisadiyyatın artım tempi hər il əhəmiyyətli dərəcədə yüksəlməyə başladı. 1996-cı ildə ümumi daxili məhsul istehsalının artım tempi 1,5 %, 1997-ci ildə 5,8 %, 1998-ci ildə isə 10 % təşkil etdi. İqtisadiyyatın aparıcı sahəsi olan sənayedə geriləmənin qarşısı alındı və bu bölmədə artım müşahidə edildi. Ümumilikdə, 1996-2002-ci illər ərzində sənaye məhsulu istehsalı 23,6 %, yaxud ildə orta hesabla 3,6 % artdı.

Azərbaycanda sahibkarlıq kütləvi hal almağa başladı

Heydər Əliyev iqtisadi inkişaf üçün sahibkarlığın böyük önəm kəsb etdiyini bilirdi və aktiv şəkildə bu istiqamətdə çalışırdı. Onun sahibkarların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən mühüm layihələrdən biri “Sahibkarlıq haqqında” qanunun qəbul edilməsi oldu. Bu qanun ölkədə fəaliyyət göstərən sahibkarlar üçün hüquqi baza yaratdı, onları daha güvənlə fəaliyyətlərini genişləndirmək imkanı yaratdı, nəinki yerli sahibkarları, həmçinin xarici investorları Azərbaycana investisiya qoymağa stimullaşdırdı. Həmin illərdə xarici investorların ölkəyə axınını sürətləndirmək, onlara iş fəaliyyəti üçün əlverişli şərait yaratmaq, xarici ticarəti sərbəstləşdirmək, sahibkarlığı inkişaf etdirmək üçün bir sıra qanunlar qəbul edildi, milli iqtisadiyyatın dünya iqtisadi sisteminə uyğunlaşdırılmasını təmin edən qanunvericilik bazası yaradıldı.

Ümummilli Lider daima kiçik və orta sahibkarları diqqət mərkəzində saxlayır, onlarla görüşlər keçirir, işləri ilə maraqlanırdı. KOB-lara dəstək üçün ''1997-2000-ci illərdə Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı'', "2002-2005-ci illərdə kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı" qəbul edildi.

Özəlləşdirmə

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda özəlləşdirilmənin I və II Dövlət Proqramları hazırlanıb. Bundan başqa, Azərbaycanda torpaq islahatı da Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə aparılmış aqrar islahat nəticəsində kolxoz və sovxozlar ləğv edilərək, torpaqları vətəndaşlara paylanılıb. Nəticədə 3 milyon 400 min Azərbaycan vətəndaşı torpaq mülkiyyətçisinə çevrilib.

Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın bu günkü vəziyyəti, artıq keçid proqramının əsas məqsədlərinə həm forma, həm də məzmun etibarilə nail olunduğunu və keçid dövrünün başa çatdığını təsdiq edir. Bütün bunlar göstərir ki, artıq ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub.

Yazı İqtisadiyyat Nazirliyinin “Heydər Əliyev İli” ilə əlaqədar media nümayəndələri arasında elan etdiyi “İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir.

44 filmi