Azərbaycanda daha 14 dövlət əmlakı özəlləşdirilib
- 28 mart, 2017
- 07:21
Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirib.
Komitədən “Report”a verilən məlumata görə, hərracda 14 dövlət əmlakı özəlləşdirilib. Özəlləşdirilmiş əmlakların bir qismi kiçik dövlət müəssisə və obyekti, digəri isə istifadəsiz qeyri-yaşayış sahələridir. Hərrac zamanı həmçinin nəqliyyat vasitələri özəlləşdirilib.
Kiçik dövlət müəssisə və obyektlərinin, o cümlədən istifadəsiz qeyri-yaşayış sahələrinin bəzisi paytaxtda, digərləri isə regionlarda müvafiq olaraq Abşeron, Gəncə, Qəbələ və Salyanda yerləşir. Hərracda ən yüksək qiymətə özəlləşdirilən daşınmaz əmlak paytaxtın Binəqədi rayonunda yerləşən kiçik dövlət müəssisə və obyekti olub. Belə ki, bu əmlak 180 min manata özəlləşdirilib. Hərracda yüksək qiymətə satılmış növbəti əmlak isə 121,25 min manata özəlləşdirilən “Qərənfil” şadlıq kafesi olub. Bu əmlak paytaxtın Suraxanı rayonunda, Hövsan qəsəbəsində yerləşir. Regionlarda keçirilən hərraclarda ən yüksək qiymətə özəlləşdirilmiş əmlak Gəncə şəhərində yerləşən “2 saylı avtomobil dayanacağı”dır. Qeyd olunan əmlak 89 min manata özəlləşdirilib.
Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac aprelin 4-də keçiriləcək. Hərraca çıxarılan 145 əmlakdan 21-i səhmdar cəmiyyəti, 78-i kiçik dövlət müəssisə və obyekti, 16-sı istifadəsiz qeyri-yaşayış sahəsi və 14-ü nəqliyyat vasitəsidir. Özəlləşdirilməyə çıxarıalan 16 dövlət əmlakı icarəçilərə təklif olunmuş və qanunvericilikdə müəyyən olunmuş müddətdə dəyəri ödənilməyən daşınmaz dövlət əmlakları və onların yerləşdiyi torpaq sahələridir.