Azərbaycanda Beynəlxalq Xalça Festivalı keçiriləcək

Biznes
  • 11 mart, 2025
  • 11:03
Azərbaycanda Beynəlxalq Xalça Festivalı keçiriləcək
Yusif Abdullayev

Bu ilin may ayında Bakıda Beynəlxalq Xalça Festivalı keçiriləcək.

"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İspaniya biznes forumunda bildirib.

Xatırladaq ki, ötən il mayın 4-5-də Bakıda Milli Xalça Festivalı təşkil olunub.

"Biz bu festivalı qlobal səviyyəyə qaldırırıq. "Azərxalça" ASC və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təşkil olunacaq tədbirdə xalçaçılıq üzrə beynəlxalq forum, ustadlar sinfi, canlı nümayiş və nadir xalçaların sərgisi, eləcə də "Made in Azerbaijan" brendi təqdim olunacaq. Sizi bu maraqlı tədbirə dəvət edirəm", - deyə o qeyd edib.

Bundan başqa, AZPROMO rəhbəri deyib ki, bugünki biznes forum iki ölkə ölkə arasında biznes əlaqələrini gücləndirəcək: "Ötən il biz Madrid Ticarət, Sənaye və Xidmətlər Palatası ilə Anlaşma Memorandumu imzalamışıq ki, bu da institusional əməkdaşlığı gücləndirib. Biz həmçinin sektoral tərəfdaşlığı inkişaf etdirdik, nəqliyyat və suyun şirinləşdirilməsi də daxil olmaqla infrastruktur layihələri üzrə müzakirələri koordinasiya etdik, şərabçılıq sahəsində əməkdaşlıq imkanlarını araşdırdıq, müdafiə və mühəndislik sahələrində sazişləri təşviq etdik".

Tədbir Bakıda İqtisadiyyat Nazirliyinin, İspaniyanın İqtisadiyyat, Ticarət və Biznes nazirliklərinin dəstəyi, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi  (AZPROMO), İspaniya İşəgötürənlər Təşkilatları Konfederasiyası, İspaniya İxrac və İnvestisiyalar İnstitutu və İspaniya Ticarət Palatasının birgə təşkilatçılığı keçirilib. Forumda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, enerji, tikinti, logistika, infrastruktur və digər sahələrdə fəaliyyət göstərən 90-dan çox şirkətin nümayəndələri iştirak ediblər. Forum çərçivəsində İspaniya şirkətləri üçün enerji və dayanıqlılıq, su, infrastruktur, tikinti və mühəndislik, texnologiya və rəqəmsallaşma mövzularında B2G sessiyaları təşkil olunub. Tədbir B2B formatında görüşlərlə davam etdirilib.

44 - Tezliklə