Azərbaycana üç ölkədən krevet idxalı bərpa edilib

Biznes
  • 10 yanvar, 2023
  • 11:30
Azərbaycana üç ölkədən krevet idxalı bərpa edilib

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 2,2 milyon ABŞ dolları dəyərində 309,5 ton dəniz kreveti gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 2,1 dəfə çoxdur.

Hesabat dövründə Çindən 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 151,9 ton (+2,9 dəfə), Hindistandan 520 min ABŞ dolları dəyərində (+52 %) 66 ton (+35 %), Vyetnamdan 124 min ABŞ dolları dəyərində (+3,3 dəfə) 11,4 ton (+3,4 dəfə), Qrenlandiyadan 124 min ABŞ dolları dəyərində (+10,3 dəfə) 24,8 ton (+13 dəfə), Rusiyadan 113 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 16,5 ton (+2,1 dəfə) məhsul alınıb.

Beş ilin tamamında Koreyadan, 3 ildən sonra İndoneziyadan və 1 il 9 aylıq fasilənin ardından İrandan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 0,8 min ABŞ dolları dəyərində 0,1 ton, 4 min ABŞ dolları dəyərində 0,4 ton və 62 min ABŞ dolları dəyərində 10,8 ton krevet idxal edilib.