Azərbaycana daha iki ölkədən düyü tədarükünə başlanılıb

Biznes
  • 02 noyabr, 2022
  • 05:42
Azərbaycana daha iki ölkədən düyü tədarükünə başlanılıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 34,9 milyon ABŞ dolları dəyərində 40 min 767 ton düyü idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40,4 %, kəmiyyət olaraq – 20 % çoxdur.

Hesabat dövründə Hindistandan 28 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 46,9 % çoxdur) 29 min 677 ton (+27,3 %), Qazaxıstandan 2,9 milyon ABŞ dolları dəyərində (+98,7 %) 4 min 836 ton (+46,6 %), Rusiyadan 2,4 milyon ABŞ dolları dəyərində (-12,6 %) 4 min 151 ton (-21,1 %), Tailanddan 770 min ABŞ dolları dəyərində (+22,1 %) 1 min 022 ton (+27,1 %), Pakistandan 602 min ABŞ dolları dəyərində (-24,4 %) 863,5 ton (-25,1 %) məhsul gətirilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistan və Rumıniyadan tədarük həyata keçirilib. Həmin ölkələrdən müvafiq olaraq 0,05 min ABŞ dolları dəyərində 0,03 ton və 1,6 min ABŞ dolları dəyərində 2 ton düyü alınıb.

Ötən il Azərbaycanın idxal etdiyi (25 ölkədən) 46 min 765 ton düyünün 64,6 %-i Hindistanın, 15 %-i Qazaxıstanın, 13,4 %-i Rusiyanın, 4,8 %-i Pakistanın, 1,7 %-i Tailandın payına düşüb.