Azərbaycan yoğurtunun xaricdə yeganə alıcısı tədarükü kəskin azaldıb
- 25 noyabr, 2021
- 10:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 239,8 min ABŞ dolları dəyərində 115,37 ton yoğurt ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə dəyər və kəmiyyət ifadəsində 3,4 dəfə azdır.
“Report”un Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, son üç ildə Azərbaycan yoğurtunun yeganə alıcısı Əfqanıstan olub. Bu ölkəyə ötən ilin ilk 9 ayında 804,99 min ABŞ dolları dəyərində 387,35 ton, 2019-cu ildə isə 873,12 min ABŞ dolları dəyərində 415,6 ton yoğurt tədarük edilib. 2018-ci ilin analoji dövründə bu məhsulun ümumi ixrac həcminin 90,94 %-i, 2017-ci ildə - 64,2 %-i, 2016-cı ildə - 99,89 %-i, 2015-ci ildə 97,93 %-i Əfqanıstanın payına düşüb.
Hesabat dövründə Azərbaycan 3,263 milyon ABŞ dolları dəyərində 2 min 585,05 ton yoğurt idxal edib. Bu, 2020-ci ili yanvar-sentyabr aylarının göstəricilərindən müvafiq olaraq 19,2 % və 21,1 % çoxdur. Həmin məhsul 13 ölkədən tədarük olunub. Cəmi idxal həcminin 69,74 %-i Rusiyanın payına düşüb. Ötən ilin eyni dövrü üçün bu göstərici 65,35 %, 2019-cu ildə - 77,93 %, 2018-ci ildə - 90,98 % olub.