Azərbaycan yaxın 2 ildə qeyri-neft ixracının dəyərini 5 milyard dollara çatdıracaq

Biznes
  • 24 yanvar, 2024
  • 06:23
Azərbaycan yaxın 2 ildə qeyri-neft ixracının dəyərini 5 milyard dollara çatdıracaq

2026-cı ildə Azərbaycanın qeyri-neft ixracının dəyərinin 5 milyard ABŞ dollarına çatdırılması hədəflənir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Ticarət Mərkəzinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə keçirdiyi, “Ticarət zamanı qeyri-tarif maneələri və xidmət ticarətinin qaydaları ilə bağlı maraqlı tərəflərlə məsləhətləşmələr” mövzusunda tədbirdə AZPROMO-nun icraçı direktorun müavini Tural Hacılı bildirib.

"Hazırlanan Milli İxrac Strategiyasında qısa və orta perspektivdə mövcud məhsulların yeni bazarlara, uzunmüddətli perspektivdə isə yeni məhsulların yeni bazarlara ixracı hədəflənir. 2021-ci illə müqayisədə 2026-cı ildə Azərbaycanın qeyri-neft ixracının 85 % artırılması, yəni təxminən 5 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur", - deyə o qeyd edib.

Tədbirdə iştirak edən BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva isə deyib ki, Azərbaycan növbəti 5 ildə qeyri-neft ixracının dəyərini hər il 1 milyard ABŞ dollarından çox artırmaq potensialına malikdir: "Azərbaycanın istifadə olunmayan ixrac potensialı var. Son bir neçə ildə ölkənin qeyri-neft ixracı davamlı artıb".

Qeyd edək ki, tədbirdə Avropa İttifaqının (Aİ) təşəbbüsü olan “EU4Business" və BTM tərəfindən icra edilən Şərq Tərəfdaşlığının Ticarətə Yardım Masası layihəsi çərçivəsində BTM tərəfindən Azərbaycanda ticarət zamanı qeyri-tarif maneələrinin müəyyən edilməsi məqsədilə aparılan biznes sorğunun nəticələri iştirakçılara təqdim olunub, müəyyən olunan maneələrin aradan qaldırılması üçün dəyirmi masa formatında interaktiv müzakirələr həyata keçirilib.

44 - Tezliklə