Azərbaycan və Uruqvay bir sıra sahələrdə əməkdaşlıq imkanlarını genişləndirir

Biznes
  • 08 sentyabr, 2025
  • 11:47
Azərbaycan və Uruqvay bir sıra sahələrdə əməkdaşlıq imkanlarını genişləndirir

Azərbaycan və Uruqvay bərpa olunan enerji, "yaşıl texnologiyalar", infrastruktur, nəqliyyat, sənaye və ərzaq təhlükəsizliyi sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, bu müzakirələr nazirin birinci müavini Elnur Əliyevin Uruqvaya səfəri çərçivəsinə aparılıb.

Səfər çərçivəsində E. Əliyev Uruqvayın xarici əlaqələr nazirinin müavini Valeria Csukasi ilə görüşüb. Görüşdə Azərbaycan iqtisadiyyatı, ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycanla Uruqvay arasında indiyədək iqtisadi, gömrük, mədəniyyət və digər sahələri əhatə edən ümumilikdə altı sənəd imzalanıb. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.

Uruqvayın sənaye, enerji və mədənçilik naziri Fernanda Kardona ilə görüşdə bildirilib ki, Uruqvay şirkətlərinin Azərbaycana investisiya qoyuluşu üçün böyük potensial mövcuddur. Xüsusilə bərpa olunan enerji, "yaşıl texnologiyalar", infrastruktur, nəqliyyat və sənaye sahələrində geniş əməkdaşlıq imkanları var. Ələt Azad İqtisadi Zonası xarici investorlar, o cümlədən uruqvaylı sərmayədarlar üçün geniş imkanlar açır.

Uruqvayın Yanacaq, Spirt və Limanlar Milli Administrasiyasının (ANCAP) prezidenti Sesi̇liya San Roman ilə görüşdə SOCAR ilə ANCAP arasında əməkdaşlıq imkanları, xüsusilə enerji sahəsində qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin reallaşdırılması imkanları müzakirə olunub. Tərəflər yaşıl enerji və müasir texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd ediblər.