Azərbaycan və Türkiyə yeni müəssisələr yaradır
- 25 fevral, 2022
- 11:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanla Türkiyə arasında ölkədə 4 müəssisə yaradılır, onlardan 3-ü tekstil, biri isə arıçılıq məhsullarının əczaçılıq sənayesində istifadəsi ilə bağlı olacaq.
Bunu “Report”a “Bakı Tekstil Fabriki” MMC-nin direktoru, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib.
Onun sözlərinə görə, yeni müəssisələrinin yaradılması ilə bağlı müzakirələr İqtisadiyyat Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə aparılır: "Tekstil layihələri çərçivəsində yerli xammalı emal məqsədilə Türkiyə müəssisələrinə göndəriləcək, daha sonra isə məhsul halına gətirilərək Avropaya, ya da Rusiyaya satışı həyata keçiriləcək”.
S.Babayeva əlavə edib ki, arıçılıq məhsullarının əczaçılıq sənayesində tətbiqi ilə bağlı layihəni həyata keçirtməkdə məqsəd arının son məhsuluna qədər istifadə edilməsidir: "Dünyada bu təcrübədən geniş istifadə edilir".
Qeyd edək ki, 2021-ci ilin fevralın 23-də Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib. Biznes forum çərçivəsində “Bakı Tekstil Fabriki” MMC ilə “Bakü Örme Kumaş Sanaye Ve Ticaret LTD” şirkəti, “Bakı Tekstil Fabriki” MMC-nin törəmə müəsisəsi olan “Beteks” şirkəti ilə Türkiyənin “Koçaklar Tekstil” müəssisəsi arasında müqavilə imzalanıb. Layihələrin ümumi investisiya dəyəri 15 milyon ABŞ dolları təşkil edir. Hər iki ölkənin şirkətləri investisiya qoyuluşunda bərabər paya sahibdirlər.
S.Babayeva Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının həyata keçirdikləri layihələrlə bağlı da danışıb: “Assosiasiya ölkədə hazırda qadın sahibkarlığının dəstəklənməsi üçün 5 layihə həyata keçirir. Layihələrin həyata keçirilməsində məqsəd qadın sahibkarlığı sahəsində həm beynəlxalq təcrübənin artırılması, həm də qonşu dövlətlərlə əlaqələrin sıxlaşdırılması və təcrübənin artırılmasıdır. Məqsədimiz bu cür qadınların assosiasiyanın fəaliyyətindən yararlanmasına imkan yaratmaqdır. Bu layihələr 3 min qadını əhatə edəcək”.
Assosiasiya sədri bildirib ki, Rumuniya Ticarət Palatası Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə birgə layihə həyata keçirməyə başlayıb: “Layihə çərçivəsində 15 qadınımız onlayn təlimlərə cəlb edilib. Əsas məqsəd qadınlarımızın dizayn və tekstil sənayesində texnoloji yeniliklərlə bağlı bilgilərin artırılması, məhsulların Avropa standartlarına uyğun şəkildə sertifikatlaşma qaydaları ilə bağlı təlimlər təşkil etməkdir. Layihə çərçivədə assosiasiyaya üzv olan, tekstil sahəsində fəaliyyət göstərən qadınların 23-27 fevral tarixində Rumıniyaya səfəri başlayıb. Azərbaycanda Qadın Sahibkalığın İnkişafı Assosiasiyasının rəhbərliyi, idarə heyətinin üzvləri və tekstil sahəsində sahibkarlıq fəaliyyəti olan üzvləri Rumıniyanın tekstil üzrə ixtisaslaşmış fabriki "SECUIANA Group"a işgüzar səfəri baş tutub. Həmçinin, Ruminiyada keçirilən “Fashion Week” də iştirak etmişik”.
S.Babayeva deyib ki, qadınlara dəstək məqsədilə həyata keçirilən layihələrdən biri türkdilli ölkələrin biznes sahəsində fəaliyyət göstərən qadınları arasında əlaqələrin gücləndirilməsidir: “Türkdilli Xalqların Qadın Sahibkarlığı ilə bağlı komitə yaradılıb. Komitəyə sədr seçilmişəm. Fevralın 28-də Türkiyədə qadın sahibkarlığı ilə bağlı forum keçiriləcək. Forumda türkdilli dövlətlərdən (Özbəkistan, Tacikistan, Türkmənistan, Macarıstan) olan biznes sahəsi üzrə fəaliyyət göstərən qadınlar ölkəyə dəvət edilib. Məqsəd ikitərəfli əlaqələri gücləndirmək, qadın sahibkarlığının inkişaf etdirilməsidir. Forum zamanı Qarabağa aid olan layihələrdə qadınların investisiya imkanlarının genişləndirilməsinə də toxunulacaq. Forum Qarabağda investisiya mühitinin genişləndirilməsi üçün layihələrin təqdimatı üçün bir fürsətdir.
Digər layihəmiz isə İsveçrə Əməkdaşlıq Təşkilatı ilə həyata keçirdiyimiz layihədir. Bu layihə çərçivəsində Qax, Zaqatala, rayonları üzrə 300 qadının maliyyə imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Digər layihəmiz isə hazırda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) ilə keçirilir. Bu layihədə isə sahəvi inkişaf üzrə fəaliyyət göstərən qadınlarımızın rolunun artırılması nəzərdə tutulur”.