Azərbaycanla Rusiya arasında innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi hazırlanacaq
- 09 dekabr, 2019
- 15:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkinlə görüşüb.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub.
Görüşdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya İqtisadi İnkişaf Nazirliyi arasında Niyyət Protokolu imzalanıb. Sənədi Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkin imzalayıblar.
Niyyət Protokolu 20-25 noyabr 2019-cu il tarixlərində Rusiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Prezidenti Vladimir Putin arasında innovasiyalar və insan kapitalının inkişafı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə əldə olunmuş razılaşmaların həyata keçirilməsini ehtiva edir.
Sənədə əsasən, tərəflər Protokolun imzalandığı tarixdən üç ay müddətində “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı"na daxil ediləcək innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın inkişafına dair Tədbirlər Planı (“Yol Xəritəsi”) hazırlayacaq.
Tədbirlər Planı innovasiyalar və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq istiqamətində birgə layihələr və tədbirlərin müzakirəsi üçün müvafiq Ekspert İşçi Qrupunun yaradılması, Rusiyanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq etməklə Azərbaycanda İnnovasiya, Elm və Texnologiya Mərkəzinin yaradılması və birgə idarə olunması, həmçinin Müştərək Vençur Fondunun təşkili imkanlarına baxılması və digər məsələləri əhatə edəcək.