BƏƏ şirkəti "Cənub Qaz Dəhlizi"ndə pay əldə edə bilər - YENİLƏNİB
- 03 noyabr, 2025
- 15:11
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən ADIPEC sərgisi çərçivəsində ADNOC şirkətinin beynəlxalq enerji investisiya qolu olan XRG tərəfindən Azərbaycan İqtisadiyyat Nazirliyindən "Cənub Qaz Dəhlizi" QSC-də pay əldə olunmasına dair hüquqi öhdəlik yaratmayan Əsas Şərtlərlə bağlı Razılaşma imzalanıb.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin sentyabrında ölkəmizdə səfərdə olan BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü çərçivəsində mübadilə edilən "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə XRG ASC arasında Cənub Qaz Dəhlizində investisiya haqqında Anlaşma Memorandumu"na uyğun olaraq imzalanıb.
Razılaşmanı iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və XRG-nin icraçı sədri, baş icraçı direktoru Sultan Əl Cabir imzalayıblar.
Bu razılaşma SOCAR və XRG arasında əməkdaşlığı qaz hasilatından Avropada enerji təchizatını şaxələndirmək istəyən bazarlara enerji resurslarının etibarlı çatdırılmasına qədər genişləndirmək potensialına malikdir. Eyni zamanda Azərbaycan ilə BƏƏ arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin, enerji layihələri üzrə əməkdaşlığın daha da genişləndirilməsinə, həmçinin ölkəmizin iqtisadi inkişafına və etibarlı tərəfdaş kimi rolunun daha da möhkəmlənmasinə töhfə verəcək.
İmzalanan sənəd SOCAR ilə XRG/ADNOC arasında əldə olunan üçüncü razılaşmadır. Belə ki, tərəflər bundan öncə SARB və Umm Lulu yataqlarında iştirak payının SOCAR-a verilməsi, həmçinin ADNOC şirkətinə "Abşeron" qaz-kondensat yatağında iştirak payının satışına dair razılıq əldə ediblər.
Qeyd edək ki, 2014-cü ildə fəaliyyətə başlamış "Cənub Qaz Dəhlizi" QSC qaz hasilatı üzrə aktivlərdə və ümumi uzunluğu 3 500 kilometr olan boru kəməri şəbəkəsində paya malikdir. Bu infrastruktur illik 26 milyard kubmetr həcmədək nəql gücünə malik olmaqla Xəzər hövzəsindən təbii qazın Türkiyə üzərindən Cənubi Avropaya nəqlinə imkan yaradır.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində həmkarı, bu ölkənin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə İqtisadiyyat Nazirliyi və ADNOC-un investisiya platforması olan XRG arasında yeni əməkdaşlıq razılaşması imzalanıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan rəsmisi "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Bu razılaşma təbii qazın hasilatı sahəsində əməkdaşlıq edən SOCAR və XRG arasında tərəfdaşlığı enerji təchizatının şaxələndirilməsi istiqamətində genişləndirəcək, Azərbaycan və BƏƏ arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, ölkəmizin enerji infrastrukturuna investisiyanın cəlb edilməsi, gəlirlərin şaxələndirilməsi və etibarlı tərəfdaş kimi rolunun gücləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir", - deyə o qeyd edib.