Azərbaycan-Tailand birgə müəssisəsinə məxsus zavodun təməli qoyulacaq

Biznes
  • 14 avqust, 2023
  • 13:07
Azərbaycan-Tailand birgə müəssisəsinə məxsus zavodun təməli qoyulacaq

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin ötən ay Pirallahı Sənaye Parkında rezident statusu verdiyi Azərbaycan-Tailand birgə müəssisəsi - "Supreme Pharmatech Azerbaijan" MMC-yə məxsus, qida əlavələri və dərman vasitələri istehsal edəcək zavodunun təməli avqustun 20-də qoyulacaq.

Bunu “Report”a açıqlamasında müəssisənin həmtəsisçisi və direktoru Müşviq Hüseynov bildirib.

Onun sözlərinə görə, mərasimdə yüksək səviyyəli dövlət rəsmiləri iştirak edəcək.

"Bizim marketinq qrupumuz Azərbaycan bazarını öyrənəcək, tələbə uyğun məhsullar istehsal edəcəyik. İlkin hədəfimiz idxalı əvəzləmək, daxili tələbatı tam şəkildə yerli istehsal hesabına ödəməkdir. Dünyada cəmi 2-3 ölkədə nonotexnolji əsaslarla müasir qida əlavələri istehsal edilir. Azərbaycan da bu ölkələrdən biri olacaq", - deyə direktor qeyd edib.

M.Hüseynovun sözlərinə görə, təmsilçisi olduğu Tailandın "Supreme Pharmatech" şirkətinin hazırda 300-dən çox məhsulu var: "Həmin məhsullar İngiltərə brendi adı altında istehsal edilir və hazırda 20-yə yaxın ölkədə (Asiya və Avropa ölkələri, ABŞ) satılır. Azərbaycanda istehsala başladıqdan sonra buradan da ixrac həyata keçirəcəyik. Pirallahı Sənaye Parkına investisiya qoyuluşunun əsas səbəblərindən biri ölkəmizin əlverişli strateji mövqeyindən istifadə etməkdir. Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun tam kəsişməsində yeləşir. Buradan həm Avropa, həm də Asiya bazarlarını təmin etmək mümkündür”.

"Azərbaycan 44 günlük müharibə ilə ərazi bütövlüyünü təmin etdikdən sonra digər ərazilərində olduğu kimi, işğaldan azad etdiyi ərazilərdə də sənaye parklarında investorlar üçün hər cür şərait yaradıb. İş adamları cəlbedici təkliflərdən yararlanırlar. Bundan istifadə edən şirkətlərdən biri də bizik”, - deyə direktor əlavə edib.

44 filmi