Azərbaycan sentyabrda meşə fındığı ixracını 42 % artırıb

Biznes
  • 30 oktyabr, 2021
  • 07:20
Azərbaycan sentyabrda meşə fındığı ixracını 42 % artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 55,9 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 17,1 % azdır.

Təkcə bu ilin sentyabr ayında isə Azərbaycan 11,8 milyon ABŞ dollarlıq meşə fındığı ixrac edib ki, bu da illik müqayisədə 42,2 % çoxdur.

Qeyd edək ki, hazırda fındıqçılıq mövsümüdür.

Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov “Report”a açıqlamasında bildirib ki, bu il keçən illə müqayisədə istehsalda 35-40 % artım gözlənilir: “Məhsul artıq sahələrdən yığılıb və fermerlər tərəfindən satışa çıxarılıb. Ötən il 45 min ton fındıq istehsal olubsa, bu il 65-70 min tona yaxın fındıq istehsalı gözlənilir. Ötən il 17 min tona yaxın fındıq ləpəsi ixrac edilib. Bu il isə 25-27 min tona yaxın fındıq ləpəsinin ixrac potensialı var”.

İ.Orucov deyib ki, Azərbaycanın Avropada əsas rəqibi Türkiyədir: “Türk lirəsinin dollara qarşı kəskin ucuzlaşması, türk ixracatçılarının daha aşağı qiymətə məhsul satışını həyata keçirir və ona görə də bizim satışlar mənfi dinamika ilə gedir, satışlarımız çox passiv həyata keçirilir. Bununla yanaşı, dünyada məşhur şokolad istehsalçısı Azərbaycan fındığına maraq göstərir”.

O əlavə edib ki, Avropa İttifaqı tərəfindən Azərbaycan fındıq məhsulu üçün natural fındığa 3,2 %, qovrulmuş və ya digər fraksiyalara 11,8 % vergi tətbiq olunur (müqayisə üçün Türkiyənin natural fındığına 3 %, qovrulmuş və ya digər fraksiyalara 0 %, Gürcüstan məhsuluna qarşı isə 0 % tətbiq olunur). Bu amillər də satışları, bizim məhsulun rəqabət qabiliyyətini aşağı salır. Ümümiyyətlə, Azərbaycanın 90-95 % fındıq məhsulu ixrac edilir”.

O, fermerlərin problemlərinə də toxunub: “Fermerlər öyrənmək istəmirlər. Onların ən böyük poblemlərindən biri məlumatsızlıqlarıdır. Biz pandemiyadan əvvəl 4-5 min fermerin iştirakı ilə təlimlər təşkil edirdik. Əfsuslar ki, hazırda bu cür təlimləri təşkil edə bilmirik. Maariflənmənin zəif olması bu sahədə məhsuldarlığa təsir göstərir”.