Azərbaycan Sahibkarlar Konfederasiyası: Özəl sektora müdaxilə halları azalıb
- 02 noyabr, 2018
- 06:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 noyabr. REPORT.AZ/ “Hazırda ölkəmiz Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi nəhəng enerji və infrastruktur layihələri həyata keçirir. Hesab edirəm ki, Qara Dəniz hövzəsi ölkələri bu dəmir yolu xəttindən səmərəli istifadə edərək ticarət dövriyyələrini artırmaqla yanaşı mədəni və sosial əlaqələrin genişləndirilməsinə də nail olacaq”.
“Report”un məlumatına görə, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bu gün Bakıda keçirilən Qara Dəniz Regionunda Orta və Kiçik Sahibkarlığını inkişafına həsr olunmuş biznes-forumda bildirib.
Onun sözlərinə görə, bu il oktyabrın 31-də Dünya Bankı Qrupunun açıqladığı "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub: “Yeni hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib”.
M. Musayev deyib ki, Azərbaycanda iqtisadiyyatın inkişafının təmin edilməsi üçün kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi mühüm amillərdən biridir: “Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi ölkə prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilib, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış, onların tətbiqi nəticəsində özəl sektora müdaxilə halları azalıb. Bununla yanaşı, sahibkarlığa dövlət maliyyə köməkliyi mexanizmi yaradılıb və bu mənbə hazırda kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin real mənbəyi kimi çıxış edir”.
Onun sözlərinə görə, ölkədə əlverişli biznes mühitinin yaradılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi və onun tətbiqi sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilməkdədir: “Bunun nəticəsində sahibkarlıq subyektlərinin qeydiyyatında "bir pəncərə" sisteminin tətbiqi ilə bağlı Beynəlxalq Maliyyə Korporasiyası vasitəsilə dünya təcrübəsi öyrənilərək onun tətbiqinə başlanılıb və biznesə başlama müddəti 3 günə qədər azaldılıb. Bu gün əsas hədəfimiz milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, qeyri-neft sektorunun, sahibkarlığın inkişafının sürətləndirilməsi əsasında ölkədə əldə olunmuş dinamik inkişafın davamlılığını və inkişafını təmin etməkdir”.
ASK prezidenti qeyd edib ki, hazırda respublikada gerçəkləşdirilən bütün islahatlar yeni keyfiyyət mərhələsinə keçib, başlıca hədəflər milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsində öz ifadəsini tapıb: “Əhalinin məşğulluğunun, iqtisadiyyatın rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsini təmin edən institutlar vasitəsilə sosial dialoqun inkişafı, leqal məşğulluğun artmasına nail olunması, habelə əmək resurslarından səmərəli istifadə nəticəsində əmək məhsuldarlığının yüksəldilməsi əsas strateji hədəf və prioritetlər kimi müəyyən edilib”.