Azərbaycan Rumıniya və Zimbabvedən qızıl idxalına başlayıb

Biznes
  • 15 may, 2025
  • 09:56
Azərbaycan Rumıniya və Zimbabvedən qızıl idxalına başlayıb

Bu ilin I rübündə Azərbaycan 18 ölkədən 1 milyard 704 milyon ABŞ dolları dəyərində 18 min 942 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib.

“Report” Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, ötən il eyni adda qızılın yalnız aprel ayından ölkəyə gətirilməsinə başlanılıb.

Hesabat dövründə Azərbaycan Rusiyadan 403,3 milyon ABŞ dolları dəyərində 4 min 416 kiloqram, Avstraliyadan 290,1 milyon ABŞ dolları dəyərində 3 min 354 kiloqram, Böyük Britaniyadan 198,3 milyon ABŞ dolları dəyərində 2 min 189 kiloqram, Meksikadan 174,7 milyon ABŞ dolları dəyərində 2 min kiloqram, Kanadadan 129,8 milyon ABŞ dolları dəyərində 1 min 375 kiloqram qızıl alıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Rumıniyadan (1,2 milyon ABŞ dolları dəyərində 13,1 kiloqram) və Zimbabvedən (1,1 milyon ABŞ dolları dəyərində 12,2 kiloqram) tədarük həyata keçirilib.

2020-2023-cü illərdə Azərbaycana toplam olaraq xaricdən 98,3 milyon ABŞ dolları dəyərində 1 724 kiloqram eyni adda qızıl gətirildiyi halda, 2024-cü ildə 3,313 milyard ABŞ dolları dəyərində 41 min 78 kiloqram həmin məhsuldan idxal olunub.

I rübdə Azərbaycan ancaq İsveçrəyə qızıl satıb. Bu ölkəyə 65,2 milyon ABŞ dolları dəyərində 1 014 kiloqram qızıl tədarük olunub ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 3,5 dəfə və 83 % çoxdur.

44 - Tezliklə