Azərbaycan qiymətli daşlarla bağlı yeni dövlət standartları qəbul edib
- 14 sentyabr, 2026
- 12:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda qiymətli metallar və qiymətli daşlarla bağlı yeni dövlət standartları qəbul edilib.
Bunu "Report"a açıqlamasında "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND TK/36) sədri, "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov bildirib.
Onun sözlərinə görə, Texniki Komitənin 2026-cı il üzrə fəaliyyət planına daxil edilmiş "Gümüş və onun əsasında ərintilər. Markalar", "Platin və onun əsasında ərintilər. Markalar", eləcə də "Təbii, becərilmiş, kompozit becərilmiş mirvarilər və mirvari imitasiyaları - Terminologiya və təsnifat" standartları qəbul edilib: "Standartlar Texniki Komitədə hazırlanıb və maraqlı tərəflərin razılığı əsasında konsensus yolu ilə qəbul olunub. "Gümüş və onun əsasında ərintilər. Markalar" standartı texniki təyinatlı məmulatların istehsalında istifadə olunan gümüş və gümüş əsaslı ərintilərin markalarını müəyyən edir. Sənəd bu ərintilərdən vərəq, lent, zolaq, folqa, məftil, boru və profil, həmçinin tökmə pəstah və digər formalarda yarımfabrikatların hazırlanmasını əhatə edir".
O əlavə edib ki, layihənin CIBJO-ya təqdim olunması onun beynəlxalq peşəkar müstəvidə tanıdılması və müzakirəsi baxımından əhəmiyyətlidir: "İclasda, həmçinin, "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin (İMEM) və Texniki Komitənin mütəxəssislərinin hazırladığı "Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası ilə damğalanması" milli standart layihəsi müzakirə edilib. Layihə Azərbaycan qanunvericiliyinin tələbləri, həmçinin ölkədə tətbiq olunan əyarlama və damğalama prosedurları əsasında hazırlanıb. Bu, qiymətli metallar sahəsində müstəqil şəkildə hazırlanmış ilk milli standart layihəsidir. İclasda sənədin strukturu və əsas müddəaları ətraflı nəzərdən keçirilib".